Məzmuna keç

Su borularını oğurlayıb satan şəxs cəzalandırıldı

Balakən şəhərində dövlət qurumunun balansında olan su borularını ekskavatorla qazaraq oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb.

E-huquq.az xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2025-ci ilin dekabr ayının ortalarında Balakən şəhərinin 28 May küçəsində baş verib.

Belə ki, təqsirləndirilən şəxs idarə etdiyi ekskavatorla küçənin sağ tərəfində torpaq sahəsini qazaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan müvafiq idarənin balansında saxlanılan 498 metr uzunluğunda boruları çıxarıb. O, boruları gizli şəkildə ələ keçirərək dövlət qurumuna ümumilikdə 9 341 manat maddi ziyan vurub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib. O bildirib ki, hadisə günü Balakən şəhərindəki Çaylaq adlanan ərazidən ekskavatorla qum gətirərkən 28 May küçəsində torpağın altından çıxan boruları görüb. Kanalizasiya sisteminin dəyişdirildiyini düşündüyündən boruların onsuz da ərazidən götürüləcəyini zənn edib və onları çıxararaq satmaq qərarına gəlib.

Təqsirləndirilən şəxs boruları iki gün ərzində ekskavatorla qazaraq çıxardığını və anbara yığdığını bildirib. Daha sonra boruların bir hissəsini “KAMAZ” markalı yük avtomobilinin sürücüsünə satıb. Belə ki, 16 ədəd borunu hər birini 45 manata olmaqla, ümumilikdə 720 manata verib.

O, digər boruları da müxtəlif vaxtlarda tanımadığı şəxslərə satdığını, 10 ədədini tanışına borcunun əvəzi kimi verdiyini, daha 10 ədədini isə yaxınlıqda yerləşən fermada işləyən çobana bağışladığını söyləyib. Qalan 12 ədəd borunu isə evinin qarşısına yığdığını qeyd edib.

Təqsirləndirilən şəxs boruları çıxararkən onların bir qisminin qırılaraq yararsız hala düşdüyünü də bildirib. O, boruların hansı quruma məxsus olduğunu bilmədiyini, lakin kanalizasiya xəttinə aid olduğunu bildiyini deyib.

O, törətdiyi əməldən peşman olduğunu, istintaq dövründə dəymiş ziyanın 8 381 manatını, məhkəmə baxışı zamanı isə əlavə 300 manatını ödədiyini bildirib. Qalan məbləği də ödəyəcəyini və bir daha belə hərəkətə yol verməyəcəyini söyləyərək məhkəmədən yüngül cəza istəyib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Şəbnəm Mehdizadə