ABŞ-nin Missuri ştatında mühəndislər tez-tez torpaq sürüşmələrin baş verdiyi magistral yol yamacını sabitləşdirmək üçün torpağa 317 ədəd təkrar emal olunmuş plastikdən hazırlanmış mismar yerləşdiriblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mühəndislər yamacı möhkəmləndirmək üçün qeyri-ənənəvi həll seçiblər. Tullantı plastik şüşələrdən hazırlanan uzun mismarlar xüsusi texnika ilə torpağa yeridilib. Onların istehsalında plastik material yüksək təzyiq altında sıxılıb, prosesə ağac yonqarı və digər yan məhsullar da əlavə olunub.
Hər mismarın uzunluğu təxminən 2,4 metr, eni isə 9 santimetrdir. Onlar yamaca müəyyən intervallarla sancılıb.
Görülən işlər 1999-cu ilin noyabrında başa çatıb. Bundan sonra mühəndislər yamacı müntəzəm izləyiblər. Torpaqdakı hərəkəti ölçən cihazlar plastik msimar yerləşdirilən hissənin möhkəmliyini qoruduğunu göstərib. Müqayisə üçün möhkəmləndirilməmiş qalan yamac hissələrində isə 2001-ci ildə yenidən sürüşmə baş verib.
Texniki hesabata görə, plastik “mıxlarla” möhkəmləndirmənin bir kvadrat metr üzrə dəyəri təxminən 3,90 dollar təşkil edib. Bu, ənənəvi daş dolğu üsulundan 25 faiz aşağıdır. Üstəlik, material əks halda zibilə gedəcək plastik tullantılardan əldə olunub.
Şəbnəm Mehdizadə
