Məzmuna keç

Türkiyədə güclü qar yağdı: yolda qalan 25 nəfər xilas edildi

Türkiyənin Ərdahan vilayətində yağan güclü qar bir sıra fəsadlar törədib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdahan-Ardanuç avtomobil yolunun 2600 metr yüksəklikdə yerləşən Bülbülan yaylağı yaxınlığında 3 mikroavtobusda olan 25 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə AFAD briqadaları cəlb edilib. Güclü fırtına səbəbindən Ərdahan istiqamətindən irəliləmək mümkün olmadığı üçün xilasetmə işləri Ardanuç tərəfdən aparılıb. Saatlarla davam edən əməliyyat nəticəsində 25 nəfərin hamısı təhlükəsiz əraziyə təxliyə edilib.

Ərdahan-Posof şosesinin 2550 metr yüksəklikdə yerləşən Ilgar aşırımında da gecə saatlarında hərəkət dayanıb. Yolun buz bağlaması səbəbindən çoxsaylı minik avtomobili və yük maşını yolda qalıb.

Hazırda yol xidməti əməkdaşları ərazidə qardan təmizləmə və duzlama işləri aparır.

Şəbnəm Mehdizadə