2026-cı il noyabrın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Metin Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, nümayəndə heyətini salamlayan Hakimlərin Seçki Komitəsinin sədri, Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə qonaqlara Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, tətbiq olunan yeniliklər, eləcə də hakimlərin seçilməsi, təyin edilməsi, təlimi və fəaliyyətinin qiymətləndirilməsi mexanizmləri barədə məlumat verilib.
Vidadi Cəfərov ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərin Türkiyə Ədliyyə Akademiyasında keçdikləri təlimlərin əhəmiyyətini vurğulayıb, onların yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
Metin Yıldırım səmimi qəbula görə minnətdarlığını ifadə edərək hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin hər iki ölkənin məhkəmə sisteminin təkmilləşdirilməsinə töhfə verəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, hakimlərin təcrübə mübadiləsi və birgə təlimlərin davam etdirilməsi məsələləri müzakirə olunub.
