ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Milli Kəşfiyyat Direktoru Ofisinin istifadə etdiyi sistemlərdə kibertəhlükəsizlik pozuntusu aşkarlanıb. İnsident nəticəsində bəzi məxfi olmayan məlumatların sızdığı iddia edilir.
E-huquq.az “The New York Times”a istinadən xəbər verir ki, hücum açıq mənbələrdən məlumat toplayıb təhlil edən kəşfiyyat sisteminə təsir edib. Bu sistem ictimaiyyətə açıq materiallardan kəşfiyyat məlumatları əldə etmək üçün istifadə olunur.
Mənbələr sızan məlumatların məzmunu barədə konkret açıqlama verməyib, lakin məxfi məlumatların ələ keçirilmədiyini bildiriblər. Kəşfiyyat icmasına daxil olan digər qurumların da insidentdən təsirlənmiş ola biləcəyi qeyd olunur.
Açıq mənbəli kəşfiyyat sosial media paylaşımlarını, peyk görüntülərini, kommersiya məlumatlarını və internetdə yayımlanan digər materialları əhatə edir.
Qeyd edək ki, son vaxtlar ABŞ-da bəzi bankların, Milli Təhlükəsizlik Agentliyinin və NASA-nın sistemlərində də nasazlıqlar qeydə alınıb. Tramp administrasiyası bu hadisələri təcrid olunmuş insidentlər kimi qiymətləndirərək ictimaiyyətin narahatlığına əsas olmadığını bildirib.
Şəbnəm Mehdizadə
