Məzmuna keç

Marsda sirli daş sıraları aşkar edilib

NASA-nın “Mars Reconnaissance Orbiter” aparatı Marsın Daedalia Planum bölgəsində nizamlı, əyri sıralar şəklində düzülmüş daşlar aşkar edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bir-birindən 5-10 metr aralı yerləşən bu daşlar barmaq izini xatırladan naxış əmələ gətirir. Bənzər quruluşun Marsın başqa ərazilərində müşahidə edilmədiyi bildirilir.

Yüksək dəqiqliklə əldə edilən görüntülər ərazinin əvvəllər düşünüldüyündən daha mürəkkəb geoloji quruluşa malik olduğunu göstərib. Alimlər daşların necə bu qədər nizamlı düzülməsi ilə bağlı hələ dəqiq izah tapa bilməyiblər.

Araşdırmaçılar iki əsas ehtimal irəli sürürlər. Birinciyə görə, donma və ərimə prosesləri daşları torpaqdan ayıraraq müəyyən naxışlar yarada bilər. İkinci ehtimala əsasən, Marsdakı seysmik titrəyişlər iri daşların səthdə nizamlı şəkildə toplanmasına səbəb ola bilər.

Lakin hər iki nəzəriyyənin bu qeyri-adi geoloji quruluşu izah edib-etmədiyi hələ müəyyənləşdirilməyib.

Şəbnəm Mehdizadə