Məzmuna keç

Avstraliyada meşə yanğını ilə bağlı fövqəladə vəziyyət elan edildi

Avstraliyanın Tasmaniya ştatına daxil olan Flinders adasında nəzarət altına alınmayan meşə yanğını səbəbindən fövqəladə vəziyyət xəbərdarlığı verilib.

E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 19-da Flinders adasında meşəlik əraziyə ildırım düşməsi nəticəsində başlayan yanğını hələ də nəzarət altına almaq mümkün olmayıb.

Tasmaniya Yanğınsöndürmə Xidməti (TFS) yanğının cənub-qərb istiqamətində irəlilədiyini, insanların həyatı və əmlakı üçün təhlükə yaratdığını bildirib. Bununla əlaqədar səlahiyyətli qurumlar fövqəladə vəziyyət xəbərdarlığı yayıb.

Tasmaniya Parklar və Vəhşi Təbiət Xidmətinin (PWS) əməkdaşları və yanğınsöndürmə briqadaları xüsusi texnika və aviasiya vasitələrinin köməyi ilə alovun qarşısını almağa çalışır. İndiyədək yanğın nəticəsində təxminən 3 min hektar ərazi külə dönüb.

Yanğın təhlükəsi ilə əlaqədar bəzi yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.

Təxliyə imkanları olmayan sakinlərə isə olduqları ərazidə təhlükəsiz yerlərə sığınmaları barədə xəbərdarlıq edilib.

Şəbnəm Mehdizadə