Alimlər 40 ildən artıq peyk görüntülərindən istifadə etməklə sahil xətləri boyunca qabarma-çəkilmə səviyyələrini 100 metrlik intervallarla ölçməyə imkan verən yeni üsul hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen Texniki Universiteti və Oksford Universitetinin tədqiqatçıları NASA və ABŞ Geoloji Xidmətinin (USGS) “Landsat” proqramına aid peyk görüntülərini təhlil edərək yeni metod hazırlayıblar.
Metod dəniz səviyyəsini birbaşa ölçmək əvəzinə, qabarma və çəkilmə zamanı sahil xəttinin dəyişməsini izləməyə əsaslanır. Tədqiqatçılar sahilin yamacını da nəzərə alaraq suyun səviyyəsindəki fərqləri hesablaya biliblər.
Yeni Zelandiyanın Cənubi Taranaki körfəzi boyunca təxminən 90 kilometrlik sahil zolağında aparılan təhlillər qabarma-çəkilmə səviyyələri arasında təxminən 1 metr fərq olduğunu üzə çıxarıb. Həmçinin Kraystçörç yaxınlığında körfəzin şərq hissəsində su səviyyəsinin cənub sahilindən təxminən 40 santimetr yüksək olduğu müəyyən edilib.
Alimlərin fikrincə, yeni metod sahilboyu daşqın risklərinin daha dəqiq qiymətləndirilməsinə, xüsusilə müşahidə stansiyalarının az olduğu ərazilərdə lokal proqnozların hazırlanmasına kömək edə bilər.
Şəbnəm Mehdizadə
