Türkiyənin Antalya vilayətinin Kaş rayonunda tarixi əsərlərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı təxminən 1000 il yaşı olduğu ehtimal edilən timsah dərisindən hazırlanmış perqament aşkarlanıb.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, jandarma əməkdaşları rayonda tarixi əsərlərin qanunsuz satışı ilə bağlı əldə edilən məlumat əsasında əməliyyata başlayıblar.
Aparılan araşdırma və müşahidələr nəticəsində saxlanılan avtomobildə axtarış keçirilib. Axtarış zamanı təxminən 3,5 metr uzunluğunda, ritual məqsədli olduğu bildirilən və təxminən 1000 il yaşı olduğu ehtimal edilən timsah dərisindən hazırlanmış perqament aşkar edilib.
Araşdırma zamanı perqamentin 9 milyon türk lirəsi qarşılığında satılması barədə razılıq əldə olunduğu müəyyənləşdirilib.
Faktla bağlı 5 şübhəli saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Şəbnəm Mehdizadə
