Balakəndə və Şirvanda polisin 101 illik yubileyi qeyd olunub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən e-huquq.az-a məlumata görə, Azərbaycan polisinin 101 illik yubileyi münasibətilə Balakən Rayon Polis Şöbəsində tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, polis veteranları və şəxsi heyət iştirak edib. Əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, daha sonra tədbir Polis Şöbəsinin inzibati binasında davam etdirilib.
Çıxış edən RPŞ-nin rəisi Mehman Əliyev bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Polisin şanlı tarixinin ən mühüm mərhələlərinin xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Daha sonra veteranlara, xidmətdə fərqlənən əməkdaşlara fəxri fərmanlar, müxtəlif hədiyyələr təqdim olunub.
Eyni tədbir Şirvan şəhərində də keçirilib. Şirvan Şəhər Polis Şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini yad edib. Daha sonra Heydər Əliyev Mərkəzinin eksponatları ilə tanış olublar.
ŞPŞ-də davam edən tədbiri rəis, polis polkovniki Hikmət Quliyev açaraq, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin ölkədə Polis Günü elan olunduğunu bildirib, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. H.Quliyev Azərbaycan polisinin Cümhuriyyət dövründən bu günə kimi keçdiyi tarixindən danışıb, Şirvan polisinin ictimai asayişin və vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi istiqamətində gördükləri işlərdən bəhs edib. O, dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi işlərin gerçəkləşdirilməsində polis işçilərinə uğurlar arzulayıb.
Sonda veteran polislərə və xidmətdə fərqlənən bir qrup əməkdaşa pul mükafatları verilib.
