Vəkil Cavad Cavadov Bakı Apelyasiya Məhkəməsi tərəfindən müdafiə hüququnun pozulduğunu iddia edir.
Vəkil e-huquq.az-a açıqlamasına bildirib ki, ona xəbər verilmədən Bakı Apelyasiya Məhkəməsinin hakimi Zəki Babayev 24 iyul 2021-ci il tarixində müdafiə etdiyi şəxslə bağlı inzibati həbs qərarından verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
"Onsuzda bu həbsi qanunsuz hesab edirdik. Düşünürdüm ki, apelyasiya məhkəməsi qərarı dəyişməsə, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik. İndi üstəlik belə bir qanun pozuntusu da baş verdi. Müdafiə hüququnun təmin olunmamasına görə Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəmənin sədrinə, hətta Prezident Administrasiyasına da müraciət etməyi düşünürəm", – deyə C.Cavadov qeyd edib.
E-huquq.az məsələ ilə bağlı Bakı Apelyasiya Məhkəməsi ilə əlaqə saxlayıb. Məhkəmənin Təşkilat şöbəsinin müdiri Asim Zülbalayev vəkilin iddiasının əsassız olduğunu və məhkəmə iclası barədə ona bir gün əvvəldən məlumat göndərildiyini deyib: "Həbslə bağlı işlər dərhal baxılan işlərdir. Yəni, bu işlər 3,5,10 günə baxılmır. Həmin iş bizə iyul ayının 23-də daxil olub. 23 iyul saat 18:05-də biz vəkil Cavad Cavadovun telefon nömrəsinə SMS xəbərdarlıq göndərmişik. Orada qeyd olunub ki, 24 iyul 2021-ci il tarixində saat 11:00-da Bakı Apelyasiya Məhkəməsində müvafiq iş üzrə məhkəmə iclasında vəkil qismində iştirak etməyiniz zəruridir. Bildirişin nömrəsi elektron imza ilə təsdiq olunub və vəkil də həmin bildirişi alıb".
Xəyalə Bünyatova
