Məzmuna keç

“Bakı Bəyannaməsini üç ölkə arasında ən yüksək səviyyədə əməkdaşlığın bariz nümunəsi saymaq olar”

“Üçtərəfli əməkdaşlığı nəzərdə tutan Bakı Bəyannaməsinin imzalanması bütün dünyaya verilmiş mesajdır”.

E-huquq.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Azərbaycan, Pakistan və Türkiyə Parlament rəhbərlərinin görüşü və imzalanan Bakı Bəyannaməsi haqqında danışarkən deyib.

O bildirib ki, üç ölkənin parlament rəhbərlərinin bu formatda görüşü haqqında qərar İslamabadda qəbul olunub və təşəbbüs də Azərbaycandan gəlib: "Şübhəsiz ki, Azərbaycan Prezidentinin tövsiyyəsi ilə Sahibə xanım Qafarova tərəfindən irəli sürülən təşəbbüs hər üç dövlət başçısının son illərdə yürütdüyü siyasətin məntiqi nəticəsi olaraq ortaya çıxıb. Bakı Bəyannaməsinin imzalanmasına gəldikdə isə bu adi bir hadisə deyil. Belə ki, bu bəyannamə ilə Azərbaycan, Türkiyə və Pakistan bütün sahələrdə öz imkanlarını birləşdirmək niyyətini bütün dünyaya bəyan etdilər. İmzalanan bəyannamənin mətnindən də göründüyü kimi elə bir sahə yoxdur ki, üç ölkə həmin istiqamətdə əməkdaşlığı hədəfləməsin. Bu baxımdan iyulun 27-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin Birinci Üçtərəfli görüşü və bu görüşdə imzalanan bəyannaməni üç ölkə arasında ən yüksək səviyyədə əməkdaşlığın bariz nümunəsi aymaq olar.

Təbii ki, həm Türkiyə, həm də Pakistanla uzun illərdir ki, ayrı-ayrılıqda bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Eləcə də bu ölkələrin üçtərəfli formatda əməkdaşlıq nümunələri də az deyil. Belə ki, Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlikləri arasında, həmçinin müdafiə nazirlikləri arasında çox sıx əməkdaşlıq mövcuddur. Lakin indi imzalanan bəyannamə ilə nəqliyyat, ticarət, enerji, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyaları, təhlükəsizlik, bir sözlə bütün sahələr üzrə üçtərəfli əməkdaşlıq nəzərdə tutulur.

Politoloqun sözlərinə görə, bu şəkildə əməkdaşlığı cəmiyyətimiz hər zaman alqışlayıb: "Çünki həm Türkiyə, həm də Pakistan bizim üçün təkcə strateji müttəfiq deyil, dost və qardaş ölkədirlər. Elə 44 günlük İkinci Qarabağ Müharibəsi dövründə ölkə boyu hər yerdə – küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistanın bayrağının da qaldırılması bu dostluğun ən bariz nümunəsi sayıla bilər. Tam əminliklə deyə bilərəm ki, ikinci Qarabağ savaşındakı qələbəmizə xalqımız necə sevindisə, eyni sevinc Türkiyə ilə yanaşı həm də Pakistanda yaşanmışdır. Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanın Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə dediyi “Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir” sözləri bunun ən bariz sübutudur.

Pakistan həm də Türkiyədən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci dövlətdir və o da Türkiyə kimi Azərbaycan ərazilərini işğal etməsi faktına görə uzun illər Ermənistanla hər hansı diplomatik əlaqələr qurmayıb və hətta Ermənistanı dövlət kimi tanımayıb. 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. Təbii ki, Azərbaycan da müxtəlif beynəlxalq təşilatlarda eyni qaydada Pakistanı dəstəklədiyini dəfələrlə sübut edib. Prezident İlham Əliyevin “Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik” bəyanatı da Azərbaycan-Pakistan münasibətlərinin hansı səviyyədə olduğunu əyani şəkildə nümayiş etdirir.

Son olaraq qeyd edim ki, bizim üçün Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığını nəzərdə tutan Bakı Bəyannaməsi həm də bütün dünyaya verilmiş mesaj kimi qəbul olunmalıdır. NATO-nun ən güclü ordularından birinə sahib Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsindən sonra 250 milyon əhalisi olan və nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistanla bütün sahələrdə əməkdaşlığı ehtiva edən Bakı Bəyannaməsinin imzalanması şübhəsiz ki, mövqelərimizin daha da güclənməsinə və ölkəmizin beynəlxalq platformalarda nüfuzunun daha da artmasına xidmət edəcək”.