Məzmuna keç

Mübahisələri məhkəmə ilə deyil, “qol gücü”nə həll edənlər –

Azərbaycanda bəzi hallarda vətəndaşların mübahisələrini öz aralarında zorakılıqla həll etməyə çalışdığının şahidi oluruq. Bu, həm məişət, həm kommersiya, həm də digər sahələrdə özünü göstərir. Məhkəməyə müraciət edib hüquq müstəvisində problemin həllini axtarmaq əvəzinə, vətəndaşlar niyə alternativ çıxış yolu kimi məsələni "qol gücü" ilə həll etməyə çalışır?

E-huquq.az mövzu ilə bağlı vəkillərin fikirlərini öyrənib:

Vəkil Anar Qasımlı: "Vətəndaşların aralarında yaranmış mübahisələrin zorakılıqla, fiziki güc tətbiq edərək həllinə çalışmasına müxtəlif amillər səbəb olur. Burada səbəb məhkəmələrə inamsızlıq, süründürməçilik və sairlə yanaşı, işlərə baxılmasının qanunla müəyyən edilmiş müddətləri də ola bilər. Çünki qanunla müəyyən edilmiş kifayət qədər uzun müddətlər də var ki, bəzən vətəndaşlar bunu süründürməçilik kimi qəbul edə bilir. Fikirləşirlər ki, məhkəməyə müraciət etsəm, işə tutaq ki, üç aya baxılacaq. Hələ apelyasiya məhkəməsinə, Ali Məhkəməyə müraciət zərurəti də yarana bilər ki, bu da bir il çəkə bilər və sair. Bu baxımdan məhkəməyə müraciət etmirlər. Bundan əlavə, cəmiyyətin hüquq mədəniyyətinin formalaşmaması da bu məsələdə böyük rol oynayır. Hüquqi maarifləndirmə aparılmalıdır ki, cəmiyyətdə hüquq mədəniyyəti formalaşsın. İnsanlar hər hansı bir hüquqi problemlə rastlaşdıqda mütləq bu işin peşəkarlarına müraciət etsinlər. Əslində bizdə təkcə hüquq sahəsində yox, digər sahələrdə də belə problemlər var. Məsələn, cəmiyyətdə tibb mədəniyyəti də yoxdur. Səhhətimizdə problem olduqda, özümüzü narahat hiss etdikdə türkəçarə ilə müalicə üsullarına baş vururuq, səhlənkarlıq edirik. Yalnız vəziyyətimiz ağırlaşdıqdan sonra məcbur qalıb həkimə müraciət edirik. Hüquqa münasibətdə də vəziyyət belədir. Eyni zamanda burada psixoloji məqamlar da rol oynayr. İnsanlarda aqressiya var. Bəzi insanlar problemlərə aqressiv yanaşır, bu da mənfi nəticələrə gətirib çıxarır. Təcrübədə belə hallarla rastlaşırıq, məsələn, bir vətəndaşın digərinə 10 min manat pul borcu var. Həmin şəxs pulunu hüquqi yolla gec-tez ala bilər. Amma prosesi tezləşdirmək üçün gedir qeyri-hüquqi yollara baş vurur və bu zaman həm əlavə pul itirir, həm də bəzən bu, məhkumluqla nəticələnir. Ona görə də istənilən halda hər kəs problemini hüquq müstəvisində həll etməyə çalışmalıdır. Əgər özü bunu bacarmırsa, mütləq qaydada peşəkar hüquqi yardımdan istifadə etməlidir ki, gələcəkdə xoşagəlməz hallarla rastlaşmasın".

Vəkil Emin Kiçikbəyov: "Bəzi orqanların işə ciddi yanaşmamasına görə vətəndaşlarda inamsızlıq yaranır. Bu da zaman keçdikcə mübahisələrin daha çox zorakılıqla həlli hallarının geniş yayılmasına səbəb olur. Bəzən vətəndaş fikirləşir ki, onsuzda müraciət etsəm də, şikayətimə baxılmayacaq. Getdikcə cəmiyyətdə bu fikir formalaşır. Ona görə də mübahisələrin zorakılıq və digər qeyri-qanuni yolla həllinin qarşısını almaq üçün vətəndaşların dövlət orqanlarına inamı artırılmalıdır. Hazırda ölkəmizdə məhkəmə sistemi inkişaf edir. Eyni zamanda prokurorluq orqanları da yüksək səviyyədə işlər görür. Lakin bəzi polis şöbələri və idarələr var ki, onların fəaliyyətindən narazıyam. Çünki işə ciddi yanaşmırlar, şikayətlərə baxmırlar. Amma təbii ki, çox ciddi işləyən polis idarələri, orqanları da var. Ümumiyyətlə isə vətəndaş istənilən halda problemini hüquq müstəvisində həll etməlidir, zorakılıqla yox. Qayda var, qanun var, hüquqlarını tələb etməlidirlər, qətiyyətli olmalıdırlar. Əgər məsələnin üstünə düşüb mütəmadi olaraq şikayət etsələr, müsbət nəticə əldə edəcəklər".

Vəkil Rəşad Vaqifoğlu: "Mübahisələrin hüquq müstəvisindən kənar həllinə çalışması bir çox hallarda vətəndaşların dələduzluğun və digər mənfi halların qurbanına çevrilməsinə gətirib çıxara bilər. Məsələn, bəzən müəyyən şəxslər onların etibarından sui-istifadə edərək əmlakını ələ keçirir və ya bu kimi başqa xoşagəlməz hallar yaşamır. Ona görə də vətəndaşlar rastlaşdıqları hər hansı problemi bütün hallarda hüquq müstəvisində həll etməlidirlər. Problemin həlli üçün istər vətəndaş tərəfindən, istərsə də onu təmsil edən vəkil tərəfindən müvafiq orqanlara rəsmi qaydada müraciət edilməli, sorğular verilməli və məsələnin kökü araşdırılmalıdır. Ona verilən rəsmi cavabı da gələcəkdə digər yuxarı aidiyyəti orqanlarda, yaxud məhkəmə qaydasında mübahisələndirməsi mümkündür. Hüquqi sayılmayan yollara baş vurulması gələkcəkdə ciddi problemlərin yaranmasına səbəb olur".