"Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti bəyan edib və bizim üçün münasibətlərimizin sonrakı mərhələsini müəyyənləşməsində dost əfqan xalqının seçimi və davranışı əsas olacaq".
Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Əfqanıstanda baş verənlər ölkənin daxili işidir: "Əgər illər sonra bu ölkədə Taliban hakimiyyətə gələ bilirsə demək ki, sosial bazası və dayaqları mövcuddur. Lakin istənilən halda siyasi gedişata qiymət vermək üçün çox erkəndir və proseslər necə davam edəcək, bunu zaman göstərəcək".
Azərbaycan Əfqanıstan münasibətlərinə gəlincə isə deputat qeyd edib ki, ölkəmiz başqa dövlətlərlə münasibətləri hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur: "Habelə, unutmamalıyıq ki, müasir dövrdə beynəlxlaq münasibətlər kompleks yanaşılması və digər faktorlarla uzalaşdırılması vacib olan meyardır. Bu mənada biz milli maraqlarımızı əsas tutaraq qlobal güc mərkəzlərinin, habelə, regionun əsas iradə sahibləri qardaş Pakistan və Türkiyə dövlətlərinin davranışlarını da diqqətlə izləyəcəyik. Sirr deyil ki, mövqeyimizin müəyyənləşməsində bu amillərin də əsaslı rolu olacaq".
