Məzmuna keç

Azərbaycanlı doktorantın Türkiyədə Qarabağla bağlı kitabı nəşr olundu

Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Jurnalistika kafedrasının azərbaycanlı doktorantı Nurlan Salamovun Türkiyədə kitabı nəşr olunub.

E-huquq.az xəbər verir ki, kitab İkinci Qarabağ müharibəsi vaxtı Türkiyənin əsas diskussiya verilişlərinin yayımlandığı kanallar olan “Habertürk” və “CNN Türk”də efirə getmiş bölümlərin analizinə həsr olunub və üç fəsildən ibarətdir. Birinci fəsildə ritorika və diskussiya nəzəriyyəsi ilə onların tarixindən bəhs edilir. İkinci fəsildə Dağlıq Qarabağ münaqişəsinin tarixi, mərhələləri, I və II Qarabağ müharibələri, onların beynəlxalq jurnalistika ritorikasında əksini tapması, özəlliklə Türkiyə mediasının yanaşması yer alıb. Üçüncü fəsildə isə seçilmiş televiziya kanallarındakı proqram bölümlərinin analizi öz əksini tapıb.

Kitab müəllifin doktorantura seminarı mətninin təkmilləşdirilmiş və əlavələr edilmiş versiyasıdır. Ümumi həcmi 184 səhifə olan kitabda mövzu ilə bağlı cədvəl və fotolar da aydınlandırıcı xarakter daşıyır. Kitabın hazırlıqları 2020-ci ilin oktyabrından başlanıb. Əsas elmi tədqiqat metodları olaraq ritorika analizi, semiotika və kontent analiz götürülüb.

Qeyd edək ki, bu, müəllifin sayca ikinci kitabdır. “15 iyul” və media” adlı ilk kitabı 2018-ci ildə Bakıda nəşr olunub.