Məzmuna keç

“Vətəndaşlar məlumatlanmalıdır ki, əkstəbliğata meydan açılmasın”

“Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Eyni vaxtda Milli Məclisin komitələrində Vergi Məcəlləsinə dəyişikliklərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən mövcud 100 faizlik gəlir və mənfəət vergisindən azad olunmanın 2027-ci il yanvarın 1-dən 90 faizlik güzəştlə əvəzlənməsi də əvvəlki mövzu ilə birlikdə ictimai müzakirələrə çıxıb. Halbuki ev təsərrüfatlarının statistik uçotunun yeni qaydalarla aparılması ilə aqrar istehsalçıların vergi qaydasının dəyişdirilməsi bir-birindən fərqli iki ayrı  məsələdir”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında deputat Zahid Oruc deyib.

“Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır: Onsuz da ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri artıq mövcuddur.

“Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə də atmaq olmaz. Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur. Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı aparılan əkstəbliğata meydan açılmasın”, – deyə deputat qeyd edib.

Z.Oruc deyib ki, dövlət büdcəsinin gəlirləri 1,7 faiz artdığı halda, vergi daxilolmaları 6,5 faiz, yaxud 1 milyard 395 milyon manat artırılaraq 22 milyard 786 milyon manata çatdırılır: “Vergilərin büdcə gəlirlərində payı 2025-ci ildəki 52,2 faizdən 2027-ci ildə 58 faizə yüksəlir. Böyük rəqəmlərin arxasında iqtisadi artım, yeni istehsal və iş yerlərinin açılması, yoxsa mövcud sahibkarlıq subyektlərinin vergi öhdəliyinin dəyişəcəyinin durduğunu açıqlamaq yerinə düşər”.

Deputatın sözlərinə görə, ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır: “Hesablama Palatasının məlumatına görə, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata çatıb. Doqquz ayda artım 939,3 milyon manat, yaxud 28,4 faizdir. Bir tərəfdən gələn il daha çox vergi toplamağı planlaşdırırıq, digər tərəfdən mövcud öhdəliklər üzrə borclar sürətlə artır. Hökumətin problemi necə həll edəcəyi büdcə müzakirələrində bəyan oluna bilər.

Borclar yalnız özəl sektorda artmır. Dövlət sektoruna aid ödəyicilərin borcu doqquz ayda təxminən üç dəfə artaraq 715,5 milyon manata yüksəlib. Neft-qaz sektoru üzrə 505,1 milyon manatlıq borc yaranıb, qeyri-neft sektorunda isə dövlət mülkiyyətində olan ödəyicilərin borcu 225,5 milyon manatdır. Təkcə “Azərsu” ASC üzrə 23,3 milyon, büdcə təşkilatları üzrə 19,9 milyon manat borc göstərilir. Xüsusi mülkiyyətə mənsub ödəyicilər üzrə isə 3 milyard 234,9 milyon manat borc qeyd olunur. Hökumət özəl sahibkardan vergisini vaxtında tələb edirsə, dövlətə məxsus müəssisənin borcunun yaranması və böyüməsinə də eyni prinsiplərlə yanaşılması vacibdir”.