Məzmuna keç

Deputat Kamal Cəfərov AŞPA-da Ermənistanla bağlı qəbul edilən qətnaməni şərh etdi

“AŞPA-da müəyyən qüvvələr 3 tərəfli bəyanata qısqanclıqla yanaşırdı, hansısa formada ATƏT Minsk qrupunu diriltməyə çalışırdılar. Lakin qətnamədə 3 tərəfli bəyanata birbaşa istinad var, eyni zamanda bu bəyanatın münaqişənin humanitar nəticələri ilə yanaşı digər məsələri də ehtiva etdiyi göstərilir”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov AŞPA-da qəbul edilən “Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməni şərh edərkən deyib.

O qeyd edib ki, dünən Anım günündə AŞPA-da qəbul edilən “Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnamə ilə bağlı əsas məqamlar qeyd olunub.

“AŞPA-nın bundan əvvəlki sənədləri ilə müqayisədə ilk dəfə olaraq 1-ci Qarabağ müharibəsində Azərbaycan tərəfindən itkin düşmüş şəxslərin dəqiq sayı göstərilir. 30 illik sülh danışıqlarının nəticəsiz olduğunu və müharibənin baş verdiyi qeyd edilir. Qətnamədə xüsusilə münaqişə zonasından kənar yerlərə (Gəncə və Bərdə) edilən hücumlar nəticəsində Azərbaycan tərəfindən 548 mülki şəxsin həlak olması qeyd edilir. Ermənistan tərəfindən basdırılmış minalar nəticəsində 158 Azərbaycanlının həlak olması, təqdim edilən mina xəritələrinin dəqiq olmaması və Ermənistandan bütün mina xəritələrinin dərhal verməsi qeyd edilir. 1-ci Qarabağ müharibəsində 650 min azərbaycanlının, 2-ci Qarabağ müharibəsində isə Azərbaycan tərəfindən 86 min şəxsin məcburi köçkün düşməsi qeyd edilir. Ağdam və Fizuli şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdılması və məhv olunması göstərilir. Azərbaycanda ağıllı şəhər layihələrin icrası müsbət qarşılanır”.

Deputat qətnamədə əsassız iddialar olduğundan Türkiyə nümayəndə heyəti ilə birgə formada qətnamənin əleyhinə səs verdiklərini bildirib.