Məzmuna keç

Politoloq: “İranın səsləndirilən iradlardan nəticə çıxarması daha düzgün yoldur”

"Rəsmi Tehranın Prezident İlham Əliyevin səsləndirdiyi iradlarından nəticə çıxarması vacibdir".

Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyənin "Anadolu" Agentliyinə müsahibəsində İran tərəfindən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, Prezident müsahibəsində İranla bağlı iki məsələyə toxundu və hər iki məsələ ilə bağlı da kifayət qədər arqumentlər səsləndirdi: "Bunlardan birincisi, İran yük maşınlarının Qarabağa qanunsuz səfərləri ilə bağlı idi. Prezident bildirdi ki, İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi dəfələrlə təkrarlanan hadisə olub və Azərbaycan tərəfi də bununla bağlı dəfələrlə İrana iradlarını bildirib. Prezidentin dediklərindən məlum olur ki, hələ rəsmi nota təqdim olunmazdan əvvəl də İran səfirliyinə şifahi şəkildə etiraz və iradlar çatdırılıb. Məsələni rəsmiyyətə salmamaq üçün dostcasına iradlar bildirilib və bu kimi halların Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik olduğu və buna son qoyulması ilə bağlı çağırışlar edilib. Lakin nə bu çağırışlar, nə də İranın Azərbaycandakı səfirinin Xarici İşlər Nazirliyinə dəvət edilərək ona iradlar bildirilməsindən heç bir nəticə çıxarılmayıb. Əvəzində İran tərəfi Qarabağa gedən TIR-lara erməni nömrələri yapışdırmaqla, guya ki, həmin maşın karvanlarının İrana məxsus olmaması görüntüsünü yaratmağa çalışıb. Bu qeyri səmimilik təbii ki, cavabsız qala bilməzdi və nəticədə Gorus-Qafan yolunda postların qurulması və Rusiya sülhməramlılarına həmin maşınların buraxılmaması ilə bağlı sərt xəbərdarlıq edildi".

Politoloq qeyd edib ki, bundan sonra İranın ayrı-ayrı millət vəkilləri və Ali dini liderin nümayəndələri tərəfindən Azərbaycan müxtəlif səpkilərdə təhdidlərin edilib: "Bu şəxslər anlamırlar ki, Azərbaycanın Ermənistan istisna olmaqla, hər hansı bir qonşusu ilə problemi yoxdur. Biz bütün qonşularımızla dostluq münasibətlərinin tərəfdarıyıq və öz hərəkətlərimizlə də bunu həmişə sübut etmişik. Elə cənab Prezident də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən ərazilərə səfər edərkən və Xudafərində olarkən oradan İrana mesaj verdi ki, Xudafərin dostluq körpüsüdür. Təəssüf ki, İrandakı bəzi siyasi dairələr bu mesajı düzgün qiymətləndirmək və nəticə çıxarmaq əvəzinə Xankəndinə bizim icazəmiz olmadan TIR-larla yük göndərməyə davam etdilər. İndi isə Gorus-Qafan yolunda qurulmuş kömrük məntəqəsində İran TIR-larından rüsum alındığı üçün ajiotaj yaratmağa cəhd göstərirlər. Amma bir şeyi heç cürə izah edə bilmirlər ki, İran ərazisindən keçən Azərbaycan maşınları rüsum ödədiyi halda, İran maşınlarından rüsum alınması niyə bu qədər ajiotaja səbəb olur?

Prezidentin müsahibədə qeyd etdiyi və İranın izah edə bilmədiyi digər bir məqam da sərhədlərimiz yaxınlığında keçirilən hərbi təlimlərlə bağlı oldu. Prezident haqlı olaraq bu təlimlərin niyə məhz indi keçirilməsinə cavab verilməsini istəyir. Çünki doğurdan da 30 illik dövr ərzində belə təlimlər keçirilməyib. Bütün işğal dövrü ərzində, yəni, Cəbrayıl, Zəngilan, Füzulidə ermənilər at oynatdığı dövrlərdə İran bir dəfə də olsun həmin ərazilərdə təlim keçirməyib".

Y. Bağırzadənin sözlərinə görə, Prezidentin ünvanladığı bu suallar tamamilə yerində ünvanlanan haqlı suallardır: "Çünki təlimlərin məhz indi və bizim işğaldan azad olunmuş ərazilərimizdəki sərhədlərimiz yaxınlığında keçirilməsi hansısa alt niyyətlərin olmasından xəbər verir. Əgər İran tərəfi bunu Gorus-Qafan yolunun nəzarət altına alınmasına və başqa sözlə İran tərəfindən o yolla ürəyi istədiyini daşımasının qarşısının alınmasına cavab olaraq həyata keçirirsə, çox böyük yanlışlığa yol verir. Əgər İran öz aləmində hərbi təsirlər göstərməklə nələrsə əldə edə biləcəyinə inanırsa, o zaman anlamalıdır ki, keçən əsrdən qalan silah sursatla Azərbaycana təsir etmək mümkün deyil. Azərbaycanla təhdid dilində danışmaqdansa, İranın səsləndirilən iradlardan nəticəsi çıxarması daha düzgün yoldur və bundan qazanan da elə birinci növbədə İranın özü olacaq”.