“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev “Caspian Energy Club”un təşkil etdiyi növbəti “CEO Cocktail”də iştirak edib.
E-huquq.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
E.Hacıyev “Caspian Energy Club” üzvlərini salamlayaraq Azərbaycanın Milli aviadaşıyıcısının cari fəaliyyətindən danışıb. Bildirib ki, ölkənin mülki aviasiyası uğurlu inkişaf etməyə və pandemiyanın fəsadları üzündən yaranmış çətinliklərdən mərhələli şəkildə çıxmağa davam edir.
“AZAL QSC koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində tətbiq edilən epidemiya əleyhinə məhdudiyyətlərin ardıcıl şəkildə aradan qaldırılması üçün fəal tədbirlər həyata keçirir. Sərnişin reyslərinin mərhələli şəkildə bərpası çərçivəsində işlər uğurla davam etdirilir”, – deyə vitse-prezident qeyd edib.
Daha sonra E.Hacıyev aviaşirkətin fəaliyyəti və Azərbaycanda mülki aviasiyanın inkişaf perspektivləri ilə bağlı görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
T.Əliyev bildirib ki, “Azərbaycan Hava Yolları” QSC “Caspian Energy Club”un ilk üzvlərindən biri olub: “Hər zaman bizi çox yaxın dostluq ve işgüzar əməkdaşlıq münasibətləri birləşdirib. Xüsusilə AZAL – QSC “Caspian Energy Club” birgə işçi qrupunun fəaliyyətin qeyd etmək istərdim. İşçi qrup çərçivəsində operativ formatda klub üzvlərinin sualları cavablandırılır, təklifləri dinlənilir ve fikir mübadiləsi aparılır. Bu əməkdaşlığa görə mən “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərova bütün QSC “Caspian Energy Club”un üzvləri adından və şəxsən öz adımdan təşəkkürümü bildirmək istəyirəm”.
T.Əliyevin sözlərinə görə, “CEO Cocktail” şirkət rəhbərləri və nümayəndələri üçün qeyri-formal mühitdə ünsiyyət yaratmaq, fikir mübadiləsi aparmaq, öz xidmət və məhsullarını həm “Caspian Energy Club”un üzvlərinə, həm də digər şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır.
“CEO Cocktail”in unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq və transmilli şirkətlərin nümayəndələri ilə bir platformada qeyri-formal mühitdə görüşüb ünsiyyət qura bilirlər. Bu netvorkinq imkanı kiçik və orta biznesin inkişafına stimul verir. Tədbirin məqsədi kiçik və orta biznesi təmsil edən iş adamlarının biznesinin inkişafı və irəliləməsidir, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına yol açır. “CEO Cocktail” çərçivəsində Eldar Hacıyev aktual sual və təklifləri müzakirə edib cavablandırdı, sahibkarlarla AZAL arasında əməkdaşlıq formatını müzakirə etdi”, – deyə T.Əliyev əlavə edib.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
