Məzmuna keç

Goranboyda 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Goranboyda ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Elşad Əskərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nural Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin avqustunda Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu Goran qəsəbəsi ərazisindən keçən 316-cı km-də qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1972-ci il təvəllüdlü E.Əskərov idarə etdiyi “Ford Transit” markalı, 10-HN-936 dövlət qeydiyyat nişanlı mikroavtobus idarəetmədən çıxaraq yolun sağ kənarında boş sahəyə aşıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər, Yevlax rayon sakinləri – 1976-cı il təvəllüdlü Rəhmiyyə Cavadova, 1970-ci il təvəllüdlü Rəna Həsənova, 1971-ci il təvəllüdlü Əbülfət Əkbərov və 1971-ci il təvəllüdlü Lətif Şahverdiyev hadisə yerində ölüblər, 10-dan artıq şəxs isə yaralanıb.