“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura bu gündən “Elin gözü tərəzidir” adlı aksiyaya başlayıb.
Şuradan e-huquq.az-a verilən məlumata görə, aksiyanın həyata keçirilməsində məqsəd istehlakçıların hüquqlarının müdafiəsi, qaz paylayıcının fəaliyyətində şəffaflığın təmin olunmasıdır.
""Azəriqaz" İB yanında İctimai Şura olaraq qaz təchizatı ilə bağlı daxil olan hər bir müraciətə həssaslıqla yanaşırıq. Müraciətləri təsnifatlandırsaq, sertifikatlaşdırılmış sonradan ödənişli (mexaniki) qaz sayğaclarının sərfiyyatı düzgün qeydə almaması ilə bağlı iddialar üstünlük təşkil edir. Bu iradlar sosial şəbəkələrdə də müzakirə predmeti olur. “Azəriqaz” İB yanında İctimai Şura bütün bunları nəzərə alaraq, ilkin olaraq Bakı şəhərini əhatə edəcək “Elin gözü tərəzidir” başlıqlı aksiya ilə şikayətlərin əyani araşdırılmasını təklif edir. Məqsəd istehlakçının hüquqlarının müdafiəsi, qaz paylayıcının fəaliyyətində şəffaflığın təmin olunmasıdır", – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Lakin istehlakçının arzusu ilə qaz sayğacının növbədənkənar yoxlanılması ödənişlidir. “Azəriqaz” İB İctimai Şuranın müraciətini nəzərə alaraq, “Elin gözü tərəzidir” aksiyası çərçivəsində qeydə alınan 30 istehlakçını bu xidmətlə ödənişsiz təmin edəcək.
Qeyd edək ki, aksiya 1 həftə ərzində 3 mərhələdə həyata keçiriləcək:
– İstehlakçıların müraciətlərinin cəlb edilməsi;
– Daxil olmuş müraciətlər əsasında sayğacların müayinəyə gətirilməsinin təmin olunması;
– Sayğacların müayinə olunması prosesində ictimai nəzarətin təmin edilməsi (Bu prosesdə şikayətçi abonentlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin, eyni zamanda Şura tərəfindən cəlb edilmiş müstəqil ekspertlərin iştirakı nəzərdə tutulur).
Abonentlər sərfiyatla bağlı şübhələri olduqda 104 Çağrı Mərkəzinə zəng edərək qeydiyyata düşə və laborator yoxlamalarda iştirak edə bilərlər.
