Məzmuna keç

Ali Məhkəmənin sədri Almaniyanın Azərbaycandakı səfiri ilə görüşdü

Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə Ali Məhkəmənin sədri ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulanıb.

Bunun bariz nümunəsi kimi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) bir çox sahələrdə, xüsusilə, məhkəmə-hüquq sahəsində fəaliyyətini qeyd edib.

Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin yeni strukturu və fəaliyyət dairəsi barədə məlumat verib.

Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb. Ali Məhkəmənin sədri bildirib ki, məhkəmə sistemində ən yeni informasiya texnologiyaları, “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Hakim vəzifəsinə seçim prosedurları yeni, müasir standartlara uyğun aparılır.

Səmimi qəbula görə təşəkkür edən səfir Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını maraqla izlədiyini bildirib. Azərbaycanın mövcud qanunvericiliyi və hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.