Məzmuna keç

Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyinin iclası baş tutub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyinin ilk geniş iclası baş tutub.

E-huquq.az xəbər verir ki, iclasda Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyinin sədri Kamran Həbibov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Aidə Bayramova, Nəqliyyat siyasəti şöbəsinin müdiri Elnur Quliyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəiyev və Logistika və Nəqliyyat İnstitunun Direktoru Fuad Daşdəmirov Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosasiyası iştirak ediblər.

İctimai Birliyin sədri K.Həbibov bildirib ki, Assosasiyanın əsas məqsədi cənab Prezident İlham Əliyevin 2016-cı il 6 Dekabr tarixli 1138 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadi perspektivi üzrə strateji yol xəritəsində əksini tapmış logistika sektorunu inkişaf etdirməkdir.

"Bundan irəli gələrək Assosasiya qarşısına bir sıra məqsədlər qoyub. Onlardan ən mühümü dövlət orqanları ilə sıx əlaqədə olmaq, əməkdaşlıq etmək, logistika bazarı haqqında son və aktual məlumatı dövlət orqanlarına çatdırmaq, kölgə bazarının ağardılması üçün praktiki təkliflər vermək, sektorun sağlam inkişafı üçün töhvələrini vermək, ölkəmizin müxtəlif təhsil və təlim ocaqları ilə birlikdə xarici mütəxəssisləri cəlb edərək praktiki məşğələlər və təlimlər təşkil edib yerli kadrların peşakarlığını artırmaq, yeni kadrlar yetişdirmək, qonşu ölkələrin, xüsusilə, qədim ipək yolunda yerləşən ölkələrin müvafiq qurum və assosasiyaları ilə əlaqələr yaratmaq, Azərbaycan üzərindən tranzit daşınmalarını təbliğ etməkdir", – deyə o qeyd edib.

İctimai Birliyin sədr müavini Rəşad Abbasov isə çıxışında bildirib ki, iclasın məqsədi müasir dunyada gedən prosesləri müzakirə etmək, onların nəticəsi olaraq ölkəmizin nəqliyyat sektoruna göstərə biləcək mənfi və müsbət effektləri, qarşıya çıxan çağrıları və perspektivləri müzakirə etməkdir: "Müzakirə olunmuş məsələlərin nəticələri, verilmiş təkliflər müvafiq dövlət orqanlarına və ölkə rəhbərliyinə çatdırılacaq".

Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev iclas iştirakçılarını salamlayaraq Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimayi Birliyinin önəmliyini qeyd edib: “Bu cür ictimai birliklərlə Universitetimizin sıx əməkdaşlığı yeni və yüksək ixtisaslanmış kadrların formalaşmasında böyük stimul olacaq. Universitet tərəfindən verilən elmi biliklər və Assosasiya üzvlərinin bölüşdüyü praktiki biliklər tələbələrin yüksək ixtisaslaşmış kadr olacaqlarına əminlik yaradır".

Qeyd edək ki, Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosasiyası İctimai Birliyi ölkədə aparıcı nəqliyyat ekspeditor, avtonəqliyyat, gömrük brokeri, tanınmış yerli və beynəlxalq şirkətlər tərəfindən yaradılmişdır və 2021-ci ildə qeydiyyata alınıb.