Məzmuna keç

Hakimlər məhkəmələrdə telefon zənglərinə cavab verilməməsi ilə bağlı iddialara münasibət bildirdilər

Bakıda fəaliyyət göstərən bəzi məhkəmələrin əlaqə nömrələrinə edilən zənglərə cavab verilməməsi ilə bağlı tez-tez şikayətlər olur. Vəkillər və vətəndaşlar Vahid Məhkəmə Portalında yerləşdirilən müvafiq məhkəmə orqanının telefon nömrəsinə hər hansı bir məlumat almaq üçün dəfələrlə zəng etsə də, zənglərə cavab verilmədiyini iddia edirlər. Bu isə narazılıqlara səbəb olur.

E-huquq.az bir sıra məhkəmələrin kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxsləri əlaqə saxlayaraq problemin nədən qaynaqlandığını öyrənməyə çalışıb.

Binəqədi Rayon Məhkəməsinin hakimi Fuad Abdıyev e-huquq.az-a açıqlamasında bildirib ki, sözügedən problemin aradan qaldırılması üçün mütəmadi işlər görülür.

"Binəqədi Rayon Məhkəməsi iş yükü ən çox olan məhkəmələrdən biridir. Bizdə il ərzində 13-14 min iş olur. Hətta vaxt olub ki, burda 20 minədək iş olub. Ona görə də vətəndaşlardan zənglər də çox olur. Tutaq ki, bir vətəndaş zəng edir və onunla danışıq 15-20 dəqiqə çəkir. Bəzi hallarda vətəndaşın suallarına yerindəcə cavab verilməsi üçün dəstəyi asmırlar və işlə bağlı məlumatları axtarıb tapıb ona izah edirlər. Həmin vaxt zəng edən digər şəxslər artıq gözləməyə düşür. Yəni, problem yalnız bununla bağlıdır".

Fuad Abdıyevin sözlərinə görə, sözügedən problem məhkəmə sədrinin diqqət mərkəzindədir: "Sədrimiz Araz Kazımov bu məsələlərə həssas yanaşır, ciddi nəzarət edir. Bir müddət öncə bizdə bu problem qaldırılmışdı. Araz müəllim iclas keçirdi və öz iradlarını bildirdi. Tapşırıq verdi ki, vətəndaşların müraciətlərinə vaxtında baxılsın və onlara lazımi məlumatlar təqdim edilsin. Ondan sonra bizim məhkəmədə belə bir problem olmayıb".

Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənova bildirib ki, zənglərə cavab verilməməsi bəzi hallarda zənglərin həddindən artıq çox olması ilə əlaqədar ola bilər: "Bilirsiniz ki, Xətai rayonu əhalisi çox olan rayonlardandır. Ona görə də zəng edənlər həddindən artıq çox olur. Bəzən fiziki olaraq bütün zənglərə cavab verilməsi mümkün olmur. Həm də zənglərə cavab verən işçilər daim yerində oturmur, sənədlərlə bağlı işləri olur, otaqdan çıxmalı olurlar. Ola bilər ki, onlar otaqda olmadıqda gələn zənglərə cavab verilməsin. Amma biz daim çalışırıq ki, vətəndaşlar narazı qalmasın, onların zənglərinə cavab verilsin, lazım olan məlumatlar izah edilsin".

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sözlərinə görə, zənglərə cavab verilməməsi üzrlü səbəblərdən ola bilər: "Bəzən əməkdaşlar hər hansı sənədin aparılması üçün otaqdan çıxırlar. Yəqin ki, həmin vaxt, yəni, otaqda heç kim olmayanda gələn zənglərə cavab verilmir. Ola bilməz ki, əməkdaşlar otaqda olanda zənglərə cavab verilməsin. Çünki bizdə tapşırıq verilib ki, vətəndaşları incitməyin, onların zənglərinə, müraciətlərinə cavab verin, lazımi köməyi göstərin. Əgər problem varsa, biz yenə də bununla bağlı tapşırıq verəcəyik".

Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova isə deyib ki, vətəndaşların zənglərinə cavab verilməsi ilə bağlı problem yoxdur: "Bütün zənglərə cavab verilir və müvafiq şəxslərə yönləndirilir. Vətəndaşların məhkəməyə çatımlığı təmin olunur. Mən özüm də hər zaman bunun şahidi olmuşam. Gələn zənglərin dəftərxanadan bizim otağa yönləndirildiyini və zəng edən şəxsə müvafiq məlumatların verildiyini görmüşəm. Digər məhkəmələrdə vəziyyət necədir, deyə bilmərəm, amma bizdə hər hansı problem yoxdur".

Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyeva da zənglərə cavab verilməsi ilə bağlı problem olmadığını qeyd edib: "Ola bilər ki, dəftərxana işçisi otaqda olmadıqda gələn zəngə cavab verilməsin. Lakin ümumilikdə vətəndaşların zənglərinə cavab verilir və onlar lazımi məlumatları ala bilirlər. Yəni, bizim məhkəmədə zənglərə cavab verilməsi ilə bağlı problem yoxdur".

Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov da zənglərə vaxtında cavab verilməməsinin səbəbini gələn zənglərin çoxluğu ilə əlaqələndirib: "Əvvəlki binada şəhər telefonları çox idi. Yeni binada isə yalnız dəftərxanada şəhər telefonu var. Vətəndaşlar dəftərxanaya zəng edir və gələn zənglər oradan aidiyyəti şəxsə yönləndirir. Bəzi hallarda zənglərin çoxluğu ilə əlaqədar hər hansı zəngə cavab verilməyə bilər".