Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsi təkzib yaydı

Bakı Apellyasiya Məhkəməsi bəzi mətbuat orqanlarında yer alan məlumatla bağlı təkzib mətni yayıb.

E-huquq.az xəbər verir ki, mətndə deyilir:

Kütləvi İnformasiya Vasitələrində, o cümlədən “dia.az” saytında 29 mart 2022-ci il tarixdə yerləşdirilmiş “Çovdarovun müsadirə olunan ƏMLAKI QAYTARILIRMI? – Vəkilindən AÇIQLAMA” başlıqlı məqalədə qeyd olunmuşdur ki, “Bakı Apelyasiya Məhkəməsindən “Yeni Müsavat”ın əməkdaşına bildiriblər ki, iş üzrə hakim təyin olunmayıb, yaxın günlərdə şikayətə baxacaq hakim müəyyən ediləcək”, həmçinin “Akif Çovdarovun vəkili Sadiq Rəsulov “Yeni Musavat”a bildirib ki, Bakı Apelyasiya Məhkəməsində iş üzrə hakim təyinatını gözləyirlər”.

Bakı Apellyasiya Məhkəməsi həmin məlumatı təkzib edərək bildirir ki, kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş Çovdarov Akif Teymurxan oğlunun barəsində cinayət işi hal-hazıradək Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmamış və cinayət işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsindən Kütləvi İnformasiya Vasitələrinə hər hansı məlumat verilməmişdir.

Bakı Apellyasiya Məhkəməsi qeyd edir ki, məhkəmə ilə dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən bu xarakterli əsassız məlumatların sosial şəbəkələrdə və Kütləvi İnformasiya Vasitərərində yerləşdirilməsi çaşqınlıq yaratdığına görə yolverilməzdir".