"İddianın geri götürülmüş sayılması və inzibati icraatın xitam olunması barədə qərardad qəbul edilərkən məhkəmə bunun üçün qanunla müəyyən edilmiş əsasların mövcud olub-olmadığını sonadək araşdırmalıdır".
E-huquq.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin yaydığı məlumatda qeyd olunub.
Məlumatda deyilir:
"“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdi ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. İddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu qanunvericilik bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. Məhkəmənin tələbində açıq-aşkar görünməlidir:
– məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.);
– tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır;
– tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır);
– tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır.
Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır.
Lakin təcrübədə məzmununda məhkəmənin deyilən tələblərinin qeyd olunması mümkün olmayan SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişlə xəbərdar olunmuş tərəfə münasibətdə də iddianın geri götürülmüş sayılması hallarına rast gəlinir. Halbuki qeyd olunduğu kimi, qanunvericiliklə yalnız məhkəmənin tələbinə baxmayaraq 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığı aşkar görünən tərəf bunun nə ilə nəticələnəcəyi, yəni iddiasının geri götürülmüş sayılacağı barədə xəbərdar olunduğu təqdirdə iddiası geri götürülmüş sayıla bilər.
Çox zaman birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması və inzibati icraatın xitam olunması barədə qərardad çıxararkən bunun üçün qanunla müvafiq əsasların müəyyən edildiyini nəzərə almır. Bəzi işlərdə məzmununda məhkəmənin tələbinə görə iki ardıcıl müddət üzrə icraatdan yayınmanın iddianın geri götürülmüş sayılması ilə nəticələnəcəyinə dair xəbərdarlığın əks olunduğu bildirişin (və ya hüquqi yardım məktubunun) iddiaçı tərəfindən alınıb-alınmamasının müəyyən edilməsi mümkün olmur. Həmin bildirişin iddiaçıya çatması iş materiallarında olan poçta təhvil verilən məktubların reyestrindən də müəyyən edilmir.
Nəzərə alınmalıdır ki, iddiaçının məhkəmə icraatından ardıcıl yayınması ilə bağlı iddiasının geri götürülmüş sayılacağı ehtimal olunan işlərdə göndərilən bildirişin məzmununda İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsində müəyyən edilmiş qaydada icraatın xitam olunacağına dair məlumat, yəni icraatdan yayınmanın hüquqi nəticəsi mütləq göstərilməlidir. Belə məlumatlandırma aparılmadan iddiaçının iddiasının geri götürülmüş sayılması və inzibati icraatın xitam olunması qanunla yolverilməzdir".
