Məzmuna keç

Məhkəmə sədri: “Vətəndaşların haqlı narazılığına səbəb olan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi təmin edilir”

"Vətəndaşların müraciətlərində qaldırılan və onları narahat edən hallar diqqətlə öyrəniləcək, bilavasitə məhkəmənin səlahiyyətlərinə aid və məhkəmənin icraatındakı işlərlə bağlı olan məsələlərin qanunauyğun şəkildə və ədalət prinsipi gözlənilməklə həll ediləcək".

E-huquq.az-ın məlumatına görə, bunu Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vətəndaşları qəbul edərkən deyib.

O, fəaliyyətlərində müstəqil olan hakimlər tərəfindən qanunvericiliyin müddəalarına uyğun tam və obyektiv araşdırmanın, ədalətli məhkəmə aktının qəbul edilməsinin təmin olunmasının ölkədə aparılan məhkəmə-hüquq islahatlarının hədəfi olduğunu, bu istiqamətdə davamlı olaraq zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sədr həmçinin bildirib ki, vətəndaşların məhkəmə sisteminə etimadlarının daha da yüksəldilməsi və ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi, insanlara layiqli xidmət göstərilməsi məqsədilə məhkəməyə daxil olan, o cümlədən məhkəmədə fəaliyyət göstərən “çağrı mərkəzi” vasitəsi ilə qəbul edilən çoxsaylı müraciətlərin hər biri diqqətlə öyrənilərək, onlara qayğı və həssaslıqla yanaşılır. Vətəndaşların haqlı narazılığına səbəb olan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi təmin edilir.

Eyni zamanda M. Əkbərov məhkəmə istifadəçilərinin sosial şəbəkələr vasitəsi ilə də onları narahat edən amillər barədə mövqe ifadə etmək imkanlarının olmasını da qeyd edib.