Məzmuna keç

“Boşanmaq istəyən tərəflər mediasiyada razılığa gəlsələr də, məhkəməyə müraciət etməlidirlər”

"Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəslində mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat nəzərdə tutulub. Belə ki, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər".

E-huquq.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsinin məlumatında bildirilib.

Qeyd olunub ki, nikahın pozulması barədə iddia tələbləri qeyd edilən icraatla əhatə olunmur: "Belə ki, yetkinlik yaşına çatmayan uşaqları olan ər-arvadın və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Digər tərəfdən, nikahın davam etdirilməsi ilə bağlı məsələ "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tənzimlədiyi məsələlər dairəsinə düşsə də, nikahın xitamı məhkəmənin səlahiyyəti daxilində olmaqla, məhkəmə qətnaməsi əsasında mümkündür. Belə olan halda, nikahın pozulmasını iddia edən tərəf, mediasiya prosesi nəticəsində razılığa gəlmiş olsalar belə, müvafiq barışıq sazişinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə deyil, nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir".

Həmçinin bildirilib ki, barışıq sazişinin təsdiqi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərkən barışıq sazişinin könüllü icra edilməməsi ilə bağlı sübutlar ərizəyə əlavə edilməlidir.