"Mülki məhkəmə icraatı qaydasında verilən iddia ərizəsinə qanunda nəzərdə tutulmayan sənədlərin əlavə edilməsi tələb oluna bilməz".
E-huquq.az-ın məlumatına görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin məlumatında bildirilib.
Məlumatda deyilir:
"İddia ərizəsinə, o cümlədən xüsusi icraat qaydasında verilən ərizəyə yalnız o sənədlərin əlavə edilməsi tələb oluna bilər ki, Mülki-Prosessual Məcəllədə açıq mətnlə həmin sənədin ərizəyə əlavə edilməli olması göstərilsin. Bu qayda hüquqi müəyyənlik prinsipindən irəli gəlir, yəni məhkəmə müdafiəsi hüququnu həyata keçirmək istəyən şəxs məhkəməyə verəcəyi ərizəyə hansı səndləri əlavə etməli olduğunu qanunun mətninə əsasən qabaqcadan müəyyənləşdirə bilməlidir. Qanunverici hansı sənədlərin ərizəyə əlavə edilməli olmasını zəruri sayıbsa, Mülki-Prosessual Məcəllənin müvafiq maddəsində həmin sənədin adını çəkməklə “əlavə edilir” göstərişini qeyd edib (maddə 150, 310.2, 335.3, 347, 352.2 və s.). Məhkəmələr ərizəyə əlavə edilməli olan sənədlərin dairəsini öz mülahizələrinə əsasən genişləndirə və qanunda nəzərdə tutulmayan sənədlərin ərizəyə əlavə edilməməsinə görə ərizəni geri qaytara bilməz.
Əgər ərizəyə qanunla müəyyən edilmiş bütün sənədlər əlavə edilibsə, lakin ərizəyə məhkəmə qaydasında baxılmalı olub-olmadığını həmin sənədlərə əsasən müəyyənləşdirmək mümkün deyilsə, belə halda Mülki-Prosessual Məcəllənin 151.2-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə görə zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Bununla da iddiaçıya imkan yaradılır ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olduğunu çəkişmə şəraitində əsaslandırsın, müstəqil surətdə əldə edə bilmədiyi sübutların tələb edilməsi barədə vəsatət qaldırsın və s. Məhkəməyə isə imkan yaranır ki, əks tərəfin mövqeyini öyrənsin, ərizəyə məhkəmə qaydasında baxılmalı olub-olmadığını müəyyənləşdirsin.
Məsələn, Ailə Məcəlləsinin 19.2-ci maddəsinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Bəzi hallarda məhkəmələr nikahın pozulması barədə iddia ərizəsini ona görə geri qaytarırlar ki, iddiaçının müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyini, lakin cavabdehin nikahın pozulmasına razı olmadığını və ya nikahın pozulmasından yayındığını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməyib.
Bu, düzgün mövqe deyil. Mülki-Prosessual Məcəllədə belə sənədin iddia ərizəsinə əlavə edilməsi barədə göstəriş müəyyən edilməyib. Nəzərə alınmalıdır ki, nikahın məhkəmə qaydasında pozulması iddiaçıdan daha çox vaxt və məsrəf tələb edir. Əgər iddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət edirsə, bu, ilkin olaraq ona işarə edir ki, nikahın müvafiq icra hakimiyyəti orqanında pozulması mümkün deyil. Bu məsələyə müəyyənlik gətirilməsi üçün iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxılmalıdır. Əgər cavabdeh iddia ərizəsinin mümkünlüyü haqqında məsələ üzrə keçirilən məhkəmə iclasına gələrsə, nikahın pozulmasına razı olduğunu, müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayınmadığını bildirərsə və bunun həqiqiliyi məhkəmə tərəfindən müəyyən edilərsə, belə halda iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmir.
Əgər bunun əksi müəyyən edilərsə, yaxud cavabdeh iddia ərizəsinin mümkünlüyü haqqında məsələ üzrə keçirilən məhkəmə iclasına gəlməzsə, deməli, nikahın müvafiq icra hakimiyyəti orqanında pozulması mümkün deyil. Belə halda iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməlidir".
