Məzmuna keç

Tofiq Paşayev hakimlərlə müşavirə keçirdi

Aprelin 15-də Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev Xaçmaz rayonunda vətəndaşları qəbul edib.

E-huquq.az xəbər verir ki, qəbuldan əvvəl Xaçmaz rayonunda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri qəbula gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərlə bağlı müvafiq hüquqi izah vermiş, müraciətlərin bir qismi yerində öz həllini tapmışdır.

Məhkəmənin icraatındakı işlərlə bağlı olan müraciətlərin prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq və ədalət mühakiməsinin həyata keçirilməsinə dair prinsiplər gözlənilməklə həll ediləcəyi vurğulanmışdır.

Vətəndaşlar müraciətlərinin rahat və sərbəst şəkildə həyata keçirilməsinə lazımi şərait yaradılmasına görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.

Səfər çərçivəsində sədr Xaçmaz Rayon Məhkəməsinin inzibati binası, hakimlərin iş şəraiti ilə tanış olmuş, hakimlərin iştirakı ilə müşavirə keçirmişdir.

Müşavirədə sədr təməli Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs etmiş, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrasına dair görülmüş işlər barədə məlumat vermiş, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün hakimlərin ədalət mühakiməsinin prinsiplərinə dönmədən riayət edilməsinin vacibliyini bildirilmiş və tövsiyələr vermişdir.