Moskva şəhərində Rusiya Vəkillər Gildiyasının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, Rusiya Federasiyası Prezident Administrasiyasının, hökumətin, hüquq-mühafizə orqanlarının nümayəndələri, hakimlər və digər məsul şəxslərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasını hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev təmsil edib.
O, Kollegiya adından təbriklərini Rusiya Vəkillər Gildiyasının prezidenti, hüquq elmləri doktoru, professor Həsən Mirzəyevə və tədbir iştirakçılarına çatdırıb:
“Hörmətli, Həsən Mirzəyev, xanımlar və cənablar! Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov adından sizə dərin təşəkkürümüzü bildiririk. Fürsətdən istifadə edərək diqqətinizə çatdırıram ki, hörmətli Həsən Mirzəyev Azərbaycan Respublikası Vəkillər Kollegiyasının qərarı ilə Azərbaycan vəkilliyinin 100 illik yubileyi münasibətilə təsis edilmiş medalla təltif edilib. Siz eyni zamanda Bakıda keçiriləcək Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş tədbirə də dəvətlisiniz”.
Ş. Mirzəyev çıxışında Azərbaycan və Rusiya vəkilliyi arasında formalaşmış əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Sonra tədbir qeyri-rəsmi hissə ilə davam etdirilib.
