Məzmuna keç

“Milli Məclis və Vəkillər Kollegiyası arasında uğurlu əməkdaşlıq qurulub” – Deputat

“Son 6 il ərzində Milli Məclis və Vəkillər Kollegiyası arasında uğurlu əməkdaşlıq qurulub”.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsisinin müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, bu, insan hüquqlarının, o cümlədən seçicilərin hüquqlarının müdafiəsi mexanizmlərinin gücləndirilməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir.

“Bildiyiniz kimi, qanunvericiliyə vəkillərin sosial müdafiəsi və peşəkar fəaliyyət zəmanətlərinin genişləndirilməsi ilə bağlı dəyişikliklər hər zaman parlament səviyyəsində dəstəklənmiş, deputatlar Kollegiyanın son illərdəki institutlaşma göstəricilərini, keyfiyyət dəyişikliklərini, vəkillərin sayının artırılmasını və elektron vəkillik sisteminin tətbiqini yüksək qiymətləndirmişlər. Eyni zamanda Kollegiya Milli Məclisin müvafiq komitələri ilə sıx təmasda çalışaraq qanunvericiliyə edilən dəyişikliklərin müzakirələrində mütəmadi iştirak edir və real töhfələr verir. Həmçinin seçki dairələrində vəkillərlə birgə təşkil etdiyi pulsuz hüquqi yardım aksiyaları vətəndaşların hüquqi müdafiəyə əlçatanlığını əhəmiyyətli dərəcədə artırmış, əhalinin həssas təbəqəsi üçün deputat müraciətləri əsasında Vəkillər Kollegiyası tərəfindən təmənnasız hüquqi xidmətlərin göstərilməsi isə ənənəvi xarakter almışdır. Fürsətdən istifadə edib mən, başda Rəyasət Heyətinin sədri Anar Bağırov olmaqla, prosesdə aktiv iştirak edən hər bir vəkilə həmkarlarımız adından təşəkkürümüzü bildiririk. Qanunla pulsuz hüquqi yardım göstərəcək qurum kimi Vəkillər Kollegiyasının nəzərdə tutulması, hesab edirik ki, bu quruma göstərilən etimadın nəticəsidir”, – B.Məhərrəmov bildirib.

Şəbnəm Mehdizadə