"Biz Ali Məhkəmə olaraq məhkəmələrdə olan təcrübəni ümumiləşdirir və tövsiyələr edirik. Bu, çox çətin, həcmli bir işdir. Çünki bir məsələni ümumiləşdirmək üçün təxminən 2-3 min iş oxumalı oluruq".
Bunu e-huquq.az-ın sualına cavabında Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Ramiz Rzayev deyib.
Sədr qeyd edib ki, Ali Məhkəmə öz qərarları ilə presedent, yaradır, vahid məhkəmə təcürbəsi formalaşdırır: "Biz bir sıra məsələləri ümumiləşdirmişik. Məsələn, sonuncu, hökmlərin yazılması, yəni barədə “Məhkəmə hökmü haqqında” böyük bir qərar hazırlayıb, internet saytımızda yerləşdirimişik. Eyni zamanda inzibati məhkəmələrin fəaliyyəti ilə əlaqədar işlər görülüb. Bütün bunları biz Ali Məhkəmənin Plenum qərarları ilə tövsiyə xarakterli hazırlayırıq. Ən əsası odur ki, biz gündəlik qəbul etdiyimiz qərarlarımızla bu məhkəmə təcrübəsini yaradırıq".
R. Rzayevin sözlərinə görə, məhkəmə qərarları tərəflər üçün gözlənilən olmalıdır: "Biz hüququn eyni cür tətbiqinə çalışırıq. Mənə elə gəlir ki, son zamanlarda burda müəyyən işlər görülüb. Əlbəttə, görüləsi işlər hələ çoxdur. Biz çalışırıq ki, qəbul edilən qərarlar ədalətli olsun ki, tərəflər də bundan məmnun qalsın.Təbii ki, uduzan tərəf olur, udan tərəf olur. Əsas odur ki, qərarlar qanuni, əsaslı və ədalətli olsun".
Etibar Məmmədov
