Şirvan Apllyasiya Məhkəməsində qaçaqmalçılıq və qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən Samil Əbilovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bu barədə e-huquq.az-a S.Əbilovun vəkili Sübhan Əliyev məlumat verib. O bildirib ki, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib və məhkəmə iclas zalından azad olunub.
"Biz müdafiə tərəfi olaraq həmkarım Aytən Əliyeva ilə məhkəmədə sübut etdik ki, cinayət subyekti olsa da, bu cinayəti Samil Əbilov törətməyib. Belə ki, İrandan Azərbaycana gələrkən Samil Əbilovun idarə etdiyi yük avtomobilinin təkərlərinin arasına onun da xəbəri olmadan narkotik maddə atıblar. Biz məhkəmədə dedik ki, müdafiə etdiyimiz şəxsin avtomobilə narkotik maddə qoyulmasından xəbəri olmayıb. Sübutlarımız qiymətləndirildi və hesab edirəm ki, tam ədalətli olaraq məhkəmə bəraət qərarı çıxartdı. Buna görə məhkəmə tərkibinə və sədrlik edən Məhəmməd Bağırova təşəkkürümü bildirirəm", – deyə vəkil qeyd edib.
Qeyd edək ki, hadisə 2020-ci ilin sentyabrın 25-də baş verib. S. Əbilov idarə etdiyi TIR markalı yük avtomobili ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçərkən onun avtomobilinə baxış zamanı 785 qram heroin, 199 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S. Əbilov apellyasiya şikayəti verib.
