"Bu gün Ali Məhkəmə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Bu, çox böyük bir sənəddir. Çünki burada gələcək hüquqşünasların hazırlanmasında Ali Məhkəmənin hakimlərinin də öz töhfəsini verməsi nəzərdə tutulub".
E-huquq.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, imzalanmış Memoranduma əsasən, Akademiyanınn tələbələri Ali Məhkəmədə keçirilən proseslərdə də iştirak edə biləcəklər: "Seminarlar, konfranslar, treninqlər, ümumiyyətlə hər hansı qanunların hazırlanması layihələrində bizim hüquqşünas alimlərin fikirlərinin, rəylərinin öyrənilməsi nəzərdə tutulur. Hesab edirik ki, tələbələrlə səhnələşdirilmiş məhkəmə prosesləri keçirə bilərik. Hakimlərə hüquq sahəsi ilə bağlı onları maraqlandıran sualları verə bilərlər. Yəqin ki, digər məsələlərlə bağlı da birlikdə geniş proqram hazırlayacağıq. Əsas məqsədimiz odur ki, gələcəkdə yüksək səviyyəli hüquqşünasların hazırlamasına öz töhfəmizi verək".
Ali Məhkəmənin sədri hüquq elmini tədris edən universitetlər rektorlarına da müraciət edərək, onları əməkdaşlığa dəvət edib: "Fürsətdən istifadə edib bildirmək istərdim ki, biz hüquq təhsili verən digər universitetlərlə də əməkdaşlıq etməyə hazırıq. Biz istəyirik ki, gələcək üçün həm nəzəri, həm də praktiki baxımdan mükəmməl bilikli, hazırlıqlı hüquqşünaslar yetişdirək".
Etibar Məmmədov
