Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi məqsədilə görülməli tədbirlər çərçivəsində vətəndaşlar tərəfindən daxil olmuş konkret müraciətlər üzrə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov tərəfindən mayın 25-də onların növbəti qəbulu keçirilib.
E-huquq.az xəbər verir ki, qəbulda olan vətəndaşlar Bakı Apellyasiya Məhkəməsinin icraatında olan işlər barədə onları narahat edən halları məhkəmə sədrinin diqqətinə çatdırıb, eyni zamanda qeyd olunan halların tam, obyektiv və hərtərəfli araşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sədr tərəfindən qəbulda olan vətəndaşlar diqqətlə dinlənilmiş, onları narahat edən məsələlərin ədalətli və qanuna uyğun həll ediləcəyi bildirilİb.
Həmçinin, sədr qəbulda olan vətəndaşların diqqətinə məhkəməyə müraciət imkanlarının genişləndirilməsi məqsədilə vətəndaşların birbaşa və ya online formatda qəbullarının keçirilməsi ilə yanaşı, vətəndaş-məhkəmə münasibətlərində kommunikasiyanın əlçatan olması üçün Bakı Apellyasiya Məhkəməsinin çağrı mərkəzinin “Qaynar Xətti”nin, sosial şəbəkələrdə isə rəsmi səhifələrinin yaradıldığını bildirib. Eləcə də qeyd edib ki, vətəndaşlar istər çağrı mərkəzi ilə əlaqə yaradaraq, istərsə də rəsmi səhifələr vasitəsi ilə öz müraciətlərini hər hansı maneələrə rast gəlmədən və birbaşa məhkəmənin diqqətinə çatdıra bilərlər. Daxil olmuş müraciətlər məhkəmə aparatının məsul şəxsləri tərəfindən araşdırılır.
Sonda qəbulda olan vətəndaşlar ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsi üçün görülən tədbirlərdən məmnunluqlarını bildirib, onlara həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.
