Məzmuna keç

Ombudsman məhkəmələrlə əməkdaşlıq əlaqələrini gücləndirəcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə bir sıra istiqamətlər üzrə zəruri işlərin görülməsi üçün Ombudsman institutunun inkişafına dair gələcək addımları açıqlayıb.

E-huquq.az xəbər verir ki, onlar aşağıdakılardır:

– "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda müasir dövrün tələblərinə uyğun əlavə və dəyişikliklərin edilməsi;

– Müvəkkilin insan hüquqlarının təşviqi, müdafiəsi və monitorinqi sahəsində fəaliyyətinin daha da təkmilləşdirilməsi, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn bir sıra öhdəliklərin yerinə yetirilməsi məqsədilə Ombudsman Aparatının yeni strukturunun hazırlanıb təsdiq olunması;

– Ombudsmanın regional mərkəzlərinin işinin təkmilləşdirilməsi, yeni strukturunun və dislokasiyasının təsdiq edilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizi əhatə edən yeni regional mərkəzin yaradılması;

– "Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 2023-2027-ci illər üzrə Milli Fəaliyyət Proqramı"nın hazırlanıb təsdiq edilməsi;

– cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Ombudsmanın hüquqi maarifləndirmə sahəsində fəaliyyətinin genişləndirilməsi;

– qüvvədə olan Dövlət proqramlarında, Milli Fəaliyyət Plan və proqramlarında nəzərdə tutulmuş, eyni zamanda icrasında iştirak Ombudsmana tövsiyə olunmuş hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsində aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi;

– mütəmadi olaraq ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi vəziyyətinin təhlilini aparmaq, onları daha etibarlı təmin etmək, bu sahədə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, təhsil müəssisələrinin potensialını gücləndirmək məqsədilə tədbirlərin davam etdirilməsi;

– ayrı-ayrı insan hüquqları istiqamətlərində, müxtəlif təbəqələrin hüquqlarını mərkəzləşmiş səylərlə müdafiə etmək məqsədilə ixtisaslaşdırılmış resurs və krizis mərkəzlərinin yaradılmasının təşviq edilməsi;

– Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması, ölkədə bu sahədə vəziyyətin öyrənilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında Ombudsmanın fəaliyyətinə köməklik göstərmək məqsədilə Müvəkkilin yanında yeni tərkibdə Ekspertlər Şurasının yaradılması;

– Milli Məclislə əməkdaşlığı daha da inkişaf etdirməklə müvafiq komitələrlə sıx əlaqələr yaradaraq, qanun layihələrinin müzakirəsi prosesində yaxından iştirak etmək, qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Ombudsmanın irəli sürdüyü təkliflərin nəzərə alınmasına nail olunması və digər istiqamətlərdə fəaliyyətin gücləndirilməsi;

– Məhkəmə Hüquq Şurası, habelə Konstitusiya Məhkəməsi və digər məhkəmələrlə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi;

– korrupsiyaya, insan alverinə və məişət zorakılığına qarşı həyata keçirilən mübarizədə daha yaxından iştirak etmək;

– beynəlxalq müqavilələrin monitorinqi və beynəlxalq hüquq normalarının milli səviyyədə implementasiyası prosesində yaxından iştirak etmək, yeni beynəlxalq sənədlərə qoşulmaqla bağlı təkliflər hazırlamaq;

– milli qanunvericiliyin insan hüquqlarının daha səmərəli təmini baxımından təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasını davam etdirmək;

– kollektiv hüquqların, xüsusilə də BMT-nin "Sülh hüququ haqqında" 1984-cü il 12 noyabr və "İnkişaf hüququ haqqında" 1986-cı il 4 dekabr tarixli qətnamələri nəzərə alınaraq sülh və inkişaf hüququnu təbliğ etmək.