Azərbaycan Respublikasının ayrılmaz tərkibi olan Qarabağ iqtisadi rayonunun bir hissəsində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə qanunsuz olaraq ölkənin təbii sərvətlərinin istismarının ətraf mühit, insanların həyat və sağlamlığına təsirinin qiymətləndirilməsinə birbaşa cavabdeh olan müvafiq icra hakimiyyəti orqanı (AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi) əməkdaşlarının həmin yerdə monitorinq keçirilməsinə maneə törədilməsinin hüquqi aspektinə bir hüquqşünas olaraq münasibət bildirmək istəyirəm.
İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının təbii sərvətlərinin istismarı sahəsində, dövlət orqanları ilə müvafiq razılaşdırılmış qaydada xüsusi lisenziya alınmadan və dövlət vergisi ödəmədən hər hansı şəxsin fəaliyyəti qanunsuzdur. Hazırda başqa mövzuya toxunduğumdan həmin məsələyə geniş şərh vermədən mübahisəsiz hal olaraq bildirirəm ki, təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur.
Qanuna və beynəlxalq normalara əsaslanaraq ehtimal olunan ekoloji fəlakətin qarşısının alınması məqsədi ilə preventiv tədbirlərin görülməsinə dair dövlətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməsi istiqamətində atdığı addımlara qonşu Ermənistan Respublikasının anormal reaksiyası məni təəccübləndirir.
Ermənistanda ətraf mühitin qorunması istiqamətində eko aktivistlər tərəfindən keçirilmiş aksiya nəticəsində Amulsare qızıl yatağının istismarı 2018-ci ildən dayandırılmışdır. Lakin, bizə gəlincə vəziyyət dəyişir və yataqlarımızın istismarı, ətraf mühitin çirkləndirilməsi, zərərli tullantıların çaylara axıdılması sanki bir norma olaraq qəbul edilməsinə çalışılır. Halbuki, dövlət və ictimaiyyətin narahatçılığına kifayət qədər tutarlı səbəblər vardır. Buna misal olaraq ekoloqlarımız tərəfindən ölkəmizin sərhəd çaylarının ekoloji vəziyyətinin öyrənilməsi məqsədilə 2021-ci ilin yanvar-iyun aylarında aparılan monitorinqlər zamanı Oxçuçaydan götürülən su nümunələrinin yerli və beynəlxalq laboratoriyalarda, o cümlədən, Almaniyanın beynəlxalq səviyyədə akkreditə olunmuş və sertifikatlaşdırılmış SGS laboratoriyasında analizi zamanı yüksək miqdarda mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır-toksik maddələr aşkar edilmişdir. Monitorinq hesabatlarına əsasən, çayda mis-molibden birləşməsinin miqdarı 2, dəmir 4 və nikel 7 dəfə mövcud göstəricilərdən yüksək olmuşdur. Oxçuçayın rənginin hansı səviyyədə dəyişməsini intenetə çayın adı ilə axtarmaq yetər. Bu hesabatın aparılması öz torpaqlarmızı azad edəndən sonra mümkün olmuşdur. 30 il müddətində nə qədər zərərli maddələrin çaylara axıdılmasını yalnız təsəvvür etmək olar. 2017-ci ildə Ermənistanın Ətraf Mühitin Monitorinqi və İnformasiya Mərkəzinin məlumatlarına əsasən aparılan araşdırmalar nəticəsində, Oxçuçayın suyunun 5-ci kateqoriyaya, yəni ən aşağı keyfiyyətə malik olması müəyyən edilmişdir. Bu səbəbdən çay ölkə ərazisində ən çox çirkləndirilən çay hesab olunduğundan irriqasiya məqsədləri üçün istifadəsi qadağan edilmişdir.
BMT-nin Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”sının “Su və sağlamlıq haqqında” Protokolu Ermənistan hökuməti tərəfindən 1999-cu ildə imzalansa da, hələ də ratifikasiya edilməmişdir. Əsas səbəbi isə Konvensiyada "çirkləndirən ödəyir" prinsipinin Ermənistan hökuməti tərəfindən məqbul sayılmamasıdır.
Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsində qeyd olunur ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
Konstitusiyanın 39-cü maddəsinin tələbini ümumiləşdirərək iki hissəyə, hüquq və vəzifəyə bölmək olar.
1) dövlətin üzərinə ekoloji tarazlığı qorunması üçün bütün zəruri tədbirlərin görülməsi vəzifəsi qoyulur.
2) Vətəndaşlara təhlükəsiz mühitdə yaşamaq və ətraf mühitin əsl vəziyyəti haqqında məlumat almaq hüququnu verir.
Bu baxımdan ölkənin təbii sərvətləri istismar edilən yerlərdə təbii ehtiyatlara təhlükə törədə və ya zərər vurulma ehtimallarının dəyərləndirilməsi üçün vəzifəsini yerinə yetirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına maneə yaradan hər kəs Azərbaycan Respublikası Qanunları və Beynəlxalq normaları pozmuş olur.
Vətəndaşlar isə Konstitusiyada və Konvensiyada təsbit edilmiş ətraf mühitin əsl vəziyyəti haqqında məlumat almaq hüququndan məhrum edilir.
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən edir.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun anlayış, məqsəd və prinsiplərində ətraf mühitə təsirin qiymətləndirilməsi – nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin aşkar edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, həmin fəaliyyət növlərinin kompleks (sosial-iqtisadi, ekoloji) təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsi, miqyasının və intensivliyinin qiymətləndirilməsi, qiymətləndirmənin nəticəsinə dair hesabatın hazırlanması və bu sahədə dövlət və ictimai nəzarəti müəyyənləşdirir.
Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi vacibliyi Azərbaycanın qoşulduğu Beynəlxalq sənədlərdə də öz əksini tapmışdır.
Misal olaraq, Ermənistan tərəfindən də ratifikasıya edilmiş BMT-nin Avropa İqtisadi Komissiyasının “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyasını gətirmək olar.
Bu Konvensiya üç əsas prinsip üzərində qurulub:
İnformasiyanın əldə edilməsi.
İnformasiyanın əldə edilməsi ilə bağlı əsas müddəalar dövlət orqanlarının üzərinə bir sıra vəzifələr qoyur. Bu vəzifələr bir tərəfdən sorğulara cavab olaraq informasiyanın verilməsindən, digər tərəfdən informasiyanın aktiv yayılmasından ibarətdir. Bu vəzifələri və digər əsas müddəaları həyata keçirmək üçün konvensiya konkret məcburi metodoloji göstərişlər nəzərdə tutmur, əksinə onları həyata keçirənlərin qarşısında vəzifə qoyur ki, həmin bu işlərlə bağlı özləri şəffaf və effektiv sistem işləyib hazırlasınlar.
İctimaiyyətin iştirakı.
Konvensiyanın 2-ci əsas prinsipi qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı prosedurları ilə bağlıdır. İnkişafın vacibliyi səviyyəsindən asılı olaraq bu hissə üç kateqoriyaya ayrıla bilər.
Birinci kateqoriya – konkret fəaliyyət növləri üzrə qərarın qəbul edilməsi ilə əlaqədar ictimaiyyətin iştirakı prosedurlarına daxil olan fəaliyyət növlərinin və tətbiq olunan kriteriyaların siyahısından tutmuş, qərarların yenidən baxılması prosedurlarına qədər məsələlərdə ictimaiyyətin iştirakının dəqiq reqlamentini nəzərdə tutur.
İkinci kateqoriya – strateji qərarlar üzrə əksər praktik detalların ölkənin özü tərəfindən işlənib hazırlanacağı prosedurlar vasitəsilə tənzimlənəcəyini nəzərdə tutur. Bununla yanaşı burada Konvensiyanın 6-cı maddəsinin müddəalarına müvafiq konkret vəzifələr də müəyyən edilmişdir. Bundan başqa dövlət və yerli səviyyələrdə strateji qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakını təmin etmək məqsədilə konkret, şəffaf və ədalətli qaydaların işlənib hazırlanması vəzifəsi də Azərbaycan hökumətinin üzərinə qoyulmuşdur.
Üçüncü kateqoriya – sərəncamlara və normativ aktlara aid olaraq sərt vəzifələr nəzərdə tutmur. Lakin dövlət orqanlarına tövsiyə edilir ki, icraedici orqanlar tərəfindən normativ aktların, qanun layihələrinin işlənib hazırlanması prosesinin gedişində ictimaiyyətin iştirakı təmin edilsin.
III. Ədalət mühakiməsinə müraciət 3-cü əsas prinsip Konvensiyanın müəyyən etdiyi vəzifə və hüquqların icrasını təmin edən mexanizmləri nəzərdə tutur. Bu prinsiplərə uyğun olaraq Tərəflər Konvensiya ətrafında hüquqları və maraqları olan kəslərin hüquqi müdafiəsi ilə bağlı mexanizmlərin icrasına təminat verirlər.
Konvensiyadan göründüyü kimi, dövlət orqanları tərəfindən faydalı qazıntıların aparıldığı yerdə ətraf mühitə təsirinin qiymətləndirilməməsi, ekoloji vəziyyət barədə hesabat apararaq ictimaiyyəti ətraf mühitə dair informasiya ilə təmin edilməməsi nəticəsi dövlətin beynəlxalq səviyyədə üzərinə götürdüyü pozitiv öhdəliyin yerinə yetirilməməsinə səbəb olur.
Eyni zamanda sözügedən yerlərdə nəzarətsiz qazıntı işlərin aparılması bioloji balansın pozulması yabanı bitkilərin və vəhşi heyvanlara ciddi şəkildə azalmasına gətirib çıxarılması nəzərə alınmalıdır. Bu sahədə “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Avropa Konvensiyasını (Bern Konvensiyası) misal gətirmək olar.
Odur ki, indiki və gələcək nəsillərin hər bir üzvünə onun sağlamlığı və rifahı üçün əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarınin beynəlxalq hüquqla tanınan Azərbaycan Respublikasının ərazisində təbii sərvətləri və ətraf mühitin qorunması, ona mənfi təsirinin göstərilməsini aşkaraçıxarmaqla qiymətləndirilməsi istiqamətində monitorinq keçirilməsinə dair haqlı tələbi və bu əsaslı tələbi dəstəkləyən vətəndaş mövqeyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı beynəlxalq hüquqla tanınır.
Zaur Hacıyev,
Sumqayıt Şəhər Məhkəməsinin hakimi
