Bakı Apellyasiya Məhkəməsi tərəfindən vətəndaşların müraciətlərinə operativ baxılması və onların mütəmadi qəbulları təmin edilir.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qəbulunda şəffaflığın artırılması məhkəmənin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Vətəndaşların mütəmadi qəbulu və onları narahat edən halları şəxsən sərbəst şəkildə bildirmələri üçün məhkəmədə bütün imkanlar yaradılmışdır.
Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov 2022-ci il dekabr ayının 14-də vətəndaşların növbəti qəbulunu keçirmişdir.
Qəbul zamanı hər bir vətəndaş məhkəmə sədri tərəfindən diqqətlə dinlənilmiş, onların Bakı Apellyasiya Məhkəməsinin icraatında olan konkret işlər üzrə, habelə ümumi xarakterli digər müraciətlərinə baxılmışdır. Qaldırılan məsələlər üzrə qəbulda iştirak edən məhkəmənin aidiyyəti məsul işçilərinə dərhal müvafiq tapşırıqlar verilmiş, prosessual məsələlər üzrə qanunauyğun qaydada izahlar verilmişdir.
Vətəndaşlar keçirilmiş qəbuldan məmnun qaldıqlarını ifadə etmiş, bu zaman şəffaflığın təmin edilməsinə, müraciətlərinin sərbəst şəkildə həyata keçirilməsinə məhkəmədə lazımi şərait yaradılmasına, qayğılarına həssas və diqqətli münasibət göstərilməsinə görə dövlət Başçısına öz minnətdarlıqlarını bildirmişlər.
