Məzmuna keç

Nazirlik bəzi vəkillərin “Elektron məhkəmə” sisteminə daxil olmaqda çətinlik çəkməsinə aydınlıq gətirdi

"Hazırda "Elektron məhkəmə" sisteminin fəaliyyətində hər hansı ciddi problem yoxdur".

Bunu e-huquq.az-a açıqlamasında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O, bəzi vəkillərin sistemə daxil olarkən çətinliklə üzləşməsini aparılan yenilənmə işləri ilə əlaqələndirib və bunun müvəqqəti xarakter daşıdığını deyib.

"İlin əvvəli olduğu üçün sistemdə müəyyən yenilənmələr gedir. Bildiyiniz kimi, bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi. Bu hakimlərlə bağlı məlumatlar sistemə daxil edilir. Bundan öncə isə apellyasiya instansiyası məhkəmələrinə yeni hakimlər təyin edilmişdi. Həmin hakimlərlə bağlı da sistemdə lazımi dəyişikliklər edilir. Aparılan bu işlər sistemin işində müəyyən problemlər yarada bilər. Lakin bu çətinlik kütləvi xarakter daşımır və işlər qısa müddətdə yekunlaşacaq", – idarəsi rəisi qeyd edib.

A.Səmədzadə, hazırda 880 nömrəsi ilə əlaqə saxlayarkən problem yaşanmasının isə xəttin həddən artıq yüklənməsi ilə bağlı olduğunu deyib: ""Elektron məhkəmə" sisteminə daxil ola bilməyən şəxslər 880 nömrəsi ilə əlaqə saxlamağa çalışır və təbii ki, zənglər çox olduqda xət yüklənir. Belə olduqda xəttə düşməkdə çətinlik yaranır. Qeyd edim ki, hər hansı çətinliklə qarşılaşan vəkillər artıq yalnız 880 nömrəsi ilə əlaqə saxlamaqla deyil, həmçinin şəxsi kabinet vasitəsilə yazılı formada da müraciət edə bilərlər".

Xəyalə Bünyatova