Məzmuna keç

DYP postunda narkotiklə tutulan şəxslər hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Lalə Mirqasımova və Cəmil Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İslam Neymanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, paytaxt istiqamətində hərəkətdə olan “DACİA” markalı, 90-CY-871 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Xəlilov nəzarət qaydasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VII Taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xəlilovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin nəqliyyat vasitəsində sərnişin qismində olan L.Mirqasımovanın üzərindən ümumi çəkisi 10,366 qram olan heroin, 11,319 qram metamfetamin, C.Hüseynzadənin üzərindən isə ümumi çəkisi 7,62 qram olan qurudulmuş marixuana aşkar edilib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə