Məlum olduğu kimi, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, məhkəmə hakimiyyətinə ictimai etimadın gücləndirilməsi, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması istiqamətində bir sıra işlər görülüb.
E-huquq.az xəbər verir ki, görülən işlər sırasında kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr genişləndirilməsi, eləcə də məhkəmələrin faəliyyətinin sosial şəbəkələr vasitəsilə işıqlandırılması xüsusi qeyd olunmalıdır. Artıq 2 ildən artıq müddətdir ki, Məhkəmə-Hüquq Şurasının qərarı ilə məhkəmələrdə media ilə işləyəcək spiker-hakimlər ayrılıb. Həmin hakimlər KİV nümayəndələrinin məhkəmənin fəaliyyəti ilə bağlı sorğularını cavablandırır, ictimaiyyəti maraqlandıran məsələlərə səlahiyyətləri çərçivəsində aydınlıq gətirməyə çalışırlar.
Müxtəlif sosial media platformalarında yaradılan səhifələr vasitəsilə isə məhkəmənin fəaliyyəti ilə bağlı maraq kəsb edən məsələlər ictimailəşdirilir, mütəmadi statistik məlumatlar paylaşılır, həmçinin həyata keçirilən tədbirlər diqqətə çatdırılır.
Demək olar ki, əksər məhkəmələr sosial medianın imkanlarından geniş istifadə etsə də, Bakı Apellyasiya Məhkəməsi bu məsələdə xüsusilə seçilir.
Əvvəla qeyd etmək lazmdır ki, Vahid Məhkəmə Portalında (https://courts.gov.az/) Bakı Apellyasiya Məhkəməsinin fəaliyyəti ilə bağlı müntəzəm olaraq məlumatlar yerləşdirilir. Bu məlumatlar həm də məhkəmənin sosial şəbəkələrdəki səhifələrində paylaşılır. Yəni, izləyicilər mütəmadi şəkildə məhkəmənin fəaliyyəti barədə məlumatlandırılır. Vurğulamaq lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin sosial media səhifələri təkcə yeni məlumatlar paylaşmaqla kifayətlənmir. Məhkəmənin "Twitter", "Instagram", "Facebook" kimi sosial şəbəkələrdə yaradılmış səhifələri, eyni zamanda "WhatsApp" hesabı vətəndaşların müraciətlərinə operativ şəkildə reaksiya verilməsində də seçilir. Belə ki, vətəndaşlar bu səhifələr vasitəsilə hər hansı sual ünvanladıqda ən qısa zamanda müraciətlərinə cavab almaqları mümkündür. Həmçinin məhkəmənin "Çağrı mərkəzi" də fəaliyyət göstərir ki, bu da müraciətlərin daha operativ şəkildə cavablandırılması ilə vətəndaşlar üçün əlçatanlığı təmin etmiş olur.
Bakı Apellyasiya Məhkəməsi eyni zamanda media tərəfindən verilən sorğuları qısa müddətdə cavablandırması, lazımi informasiyanın dolğun şəkildə ictimaiyyətə çatdırması ilə də seçilir.
Bütün bu sadalananları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin məhkəmələrdə şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması istiqamətində görülən işlərə adekvat fəaliyyət göstərdiyini söyləmək mümkündür.
Eltac Nurullazadə
