Fevralın 6-da Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 2022-ci ilin yekunlarına həsr edilmiş geniş hesabat iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda Məhkəmənin sədri və hakimləri, eyni zamanda bir sıra məhkəmə aparatı işçiləri iştirak edib.
Tədbir zamanı məhkəmənin sədri çıxışda bildirib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra təməli ulu öndər, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə – hüquq islahatları aparılmışdır. Başlıca məqsədi dövlətin inkişafı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəldilmiş bu kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla davam etdirilir, cəmiyyətimizin demokratikləşməsinə, insan hüquqlarının qorunmasına, məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılmasına xüsusi önəm verilir.
2022-ci ildə də aparılan genişmiqyaslı hüquq islahatları öz növbəsində səmərəsini göstərib, hakim korpusunun yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən hüquqşunaslarla genişləndirilməsi mühim dəyişiklərə səbəb olub. Kadr islahatlarında növbəti mühüm mərhələ olan ölkə Prezidenti tərəfindən ötən ilin sonunda apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı aparılmış təyinatlar fəaliyyətin səmərəliliyinin və keyfiyyətinin artırılmasına xidmət edib. Hesabat dövrü ərzində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vətəndaşlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində zəruri tədbirlər görmüşdür. Daha sonra hesabat məruzəsi dinlənilib və 2022-ci il ərzində baxılan işlər üzrə statistik məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda hesabat dövrü ərzində baxılan işlər, daxil olan şikayətlər və yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və ya dəyişdirilmiş işlər müzakirə edilib. Məhkəmənin sədri tərəfindən 2021-ci illə müqayisədə 2022-ci ildə baxılan işlərin müqayisəli təhlili aparılıb və hakimlərlə ayrı ayrı müzakirə edilib. Müəyyən edilib ki, 2021-ci illə müqayisədə mülki işlərin sayı 1302 vahid, xarici və ya yerli məhkəmələrin mülki məhkəmə aktları 15 vahid azalıb. Cinayət, inzibati xətalara dair işlər və digər kateqoriyadan olan işlərin sayında isə artım müşahidə edilib.
Sonda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü ildə qarşıda duran vəzifələri müzakirə edilərək tədbir yekunlaşdırılıb.
