"Hakim peşəsi çox çətin, amma eyni zamanda şərəfli peşədir. Ali Məhkəmə olaraq hesab edirik ki, insanlar bu peşə barəsində uşaq yaşlarından məlumatlandırılmalıdır".
E-huquq.az xəbər verir ki, bu sözləri Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov “Mən hakim olmaq istəyirəm” kitabının təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, cəmiyyətin ədalət mühakiməsinin həyata keçirilməsinə hörmətlə yanaşması üçün məhkəmələr və hakimlər barədə kifayət qədər məlumatlı olması lazımdır. Sədr müavini cəmiyyətin, xüsusən də uşaqların məhkəmələrlə bağlı məlumatlandırılması baxımından əməkdar artist, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadənin müəllifi olduğu “Mən hakim olmaq istəyirəm” kitabını yüksək qiymətləndirib.
"Bəhram müəllim 40-dan artıq uşaq kitabının müəllifidir. O, çoxsaylı kitablarından birini bizim peşəmizə həsr edib və uşaqlar üçün belə bir gözəl kitab hazırlayıb. Bu kitabın ərsəyə gəlməsinə görə Bəhram müəllimə təşəkkür edirik", – deyə Ç.Əsgərov qeyd edib.
Lalə Salmanova
