Azərbaycana gizli yolla gətirilmiş külli miqdarda narkotiki satmağa cəhd etməkdə təqsirləndirilən Fizuli Hüseynov və Ayaz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Vüqar Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 17-nə təyin olunub.
Qeyd edək ki, Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan həmin şəxslərdən 8 kiloqramdan artıq narkotik vasitə və 2200 ədəd yüksək təsiredici xassəyə malik həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Neftçala rayon sakini Fizuli Hüseynov və Salyan Rayon sakini Ayaz Əliyevdən ayrı-ayrı bükümlərdə qablaşdırılmış 5 kiloqram 710 qram tiryək, 2 kiloqrama yaxın metamfetamin, 470 qram heroin, 500 qram marixuana və 2200 ədəd narkotik metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxslər sözügedən narkotik vasitələri xaricdə yaşayan narkotik vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsini 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
