Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Azər Əmiraslanov barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.
Bu barədə e-huquq.az-a bəraət almış şəxsin vəkili Cavad Cavadov məlumat verib.
O bildirib ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, bəraət hökmü qüvvədə saxlanılıb, prokurorun protesti təmin edilməyib.
Qeyd edək ki, 15 sentyabr 2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi Azər Əmiraslanov barəsində Yasamal Rayon Məhkəməsinin hökmünü ləğv edib və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilib. Həmin hökmdən Baş Prokurorluq tərəfindən kassasiya protesti verilərək hökmün ləğv edilməsi və işin yeni baxışa qaytarılması xahiş edilib.
