Məzmuna keç

Azərbaycana narkotik vasitələr gətirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Azərbaycana narkotik vasitələr gətirməkdə təqsirləndirilən Hüseyn Bəxtiyarov və Ramal Albabayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, 2022-ci il aprelin 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində "Opel Astra" markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib. Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılıb, onların Bakı şəhər sakinləri 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyənləşdirilib. Saxlanılma zamanı R.Albabayev sərhədçilərə bıçaqla müqavimət göstərilməsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olublar.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə