Məzmuna keç

Məhkəmə narkotik satmaqda təqsirləndirilən şəxsə bəraət verdi

Şirvan Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yadigar Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Xeyransa Babayeva məlumat verib.

Onun sözlərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Y.Məmmədovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.

Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Yadigar Məmmədov saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı külli miqdarda heroin aşkarlanaraq götürülüb. Y.Məmmədov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Eltac Nurullazadə