Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qılman Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini (özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmə) törətməkdə təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Həmçinin onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib, saxlamaqla daşıma) törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilib.
Q.Dadaşov Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə həbsdə olduğu müddəti aşmayan azadlıqdan məhrum etmə cəzası təyin edilməsi əsası ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilib.
Şəbnəm Mehdizadə
