Məzmuna keç

“Dəmiryolservis” gömrük qaydalarını pozmaqda günahlandırılır

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Dəmiryolservis" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci (Bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Dəmiryolservis" inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, "Dəmiryolservis" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 41,115 milyon manatdır.

Şəbnəm Mehdizadə